Yerdəyişmə sistemi açıqdır. Birinci mərhələdə gözlədiyimiz şagird sayı 259 nəfər olacaq. Məktəbimiz bütün inventarlarla təchiz olunub.
AzerTimes xəbər verir ki, bunu Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.
O bildirib ki, dərs cədvəlləri artıq hazırdır:
“Valideynlərə məlumat verməyə başlamışıq. Şagirdlər dərsliklərlə təmin olunacaq. Məktəbimiz tədrisə başlamaq üçün tam hazırdır. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin binası işğal dövründə tamamilə məhv edilmişdi. Prezident İlham Əliyevin sərəncamı ilə yenidən inşa edildi”.
Direktor əlavə edib ki, 960 şagird yerlik üçmərtəbəli bina 5 blokdan ibarətdir:
“Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb”.