Vaksinasiya strategiyası Azərbaycanda uğurla davam edir – Səttar Möhbalıyev

Bütün beynəlxalq platformalarda dövlətimizin başçısı cənab İlham
Əliyevin çıxışı böyük maraq doğurur. Səsləndirdiyi fikirlər, irəli
sürdüyü təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən məqbul
qarşılanır. BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün
səylərin artırılması” mövzusunda keçirilən yüksək səviyyəli tematik
müzakirələrində çıxış da bu qəbildəndir. Ümumiyyətlə, bu gün
dünyada hələ də aktual olan pandemiyaya qarşı mübarizədə ölkəmiz
nümunə nümayiş etdirdi. Dövlətimiz tərəfindən həyata keçirilən
önləyici tədbirlərlə pandemiyanın ağır nəticələrindən yayına
bildik. Bir sözlə, pandemiya dünya dövlətləri üçün bir sınaq oldu,
qürurla deyə bilərik ki, bu imtahandan qalib çıxdıq.

AzerTimes xəbər verir ki, bu
fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin böyük
uzaqgörənliklə ölkəmizdə tətbiq etdiyi vaksinasiya strategiyası
artıq öz nəticəsini göstərir: “Azərbaycanda vurulan vaksinlər həm
effektiv, həm də təhlükəsizdir. İndiyədək ölkədə yetkin əhalinin
68%-dən coxuna 2 doza vaksin vurulub. Belə ki, son statistikaya
əsasən, ümumilikdə 13 milyona yaxın vətəndaşımız vaksinasiya
olunub. Bu da ölkə əhalisinin sağlamlığına məsuliyyətli davranışını
göstərir. Daha bir vacib məqama diqqət çəkmək istərdim. Belə ki,
digər dövlətlərdən fərqli olaraq ölkəmizdə vaksinasiya prosesi
pulsuz həyata keçirilir. Bu, dövlətimizin vətəndaşların
sağlamlığının vacibliyinə diqqətin əlamətidir”.


“Pandemiya ilə əlaqədar vətəndaşlarımızın sosial vəziyyəti də
dövlətimizin diqqət mərkəzində olub. Ölkəmizdə koronavirusdan
əziyyət çəkən insanlara və biznes subyektlərinə təqribən 3 milyard
ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib.
Cari ildə də bu məqsədlər üçün dövlət büdcəsindən 1.6 milyard ABŞ
dolları həcmində maliyyə dəstəyi ayrılıb. Əsas qürur doğuran odur
ki, möhtərəm Prezident İlham Əliyev pandemiya ilə qlobal mübarizədə
tutduğu ədalətli mövqeyinə görə beynəlxalq ictimaiyyətin rəğbətini
qazanıb. Qoşulmama Hərakatının sədri qismində Azərbaycanın
təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş
Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə
bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.
Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə
yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə
maliyyə və humanitar yardım göstərib. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin göstərişi ilə ölkəmiz bu gün də humanitar
missiyasını uğurla davam etdirir, pandemiyanın ciddi nəzarətdə
saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata
keçirilməsini davam etdirir”, – Milli Məclisin deputatı deyib.

Teqlər: