Xəbər - Elçin Mehdiyev – Trend:
Kifayət qədər elmi tədqiqatlar göstərir ki, koronavirusa qarşı tətbiq edilən peyvəndlər peyvənd olunan insanlarla yanaşı, peyvənd olunmayan, yəni hələ peyvənd növbəsi çatmayan insanlara da müsbət təsir edir.
Bunu AzerTimes-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
N.Abdullayev bildirib ki, insanlar arasında peyvənddən sonra virusa yoluxma olsa da böyük əksəriyyət bunu yüngül formada keçirir: “Yəni peyvəndin bu şəkildə xeyri bəllidir. Ancaq insanlar bilməlidir ki, peyvəndləmədə aktiv şəkildə iştirak etmək peyvənd olunmayan insanlar da virusa yoluxduğu halda ağır kliniki gedişlərin qarşısının alınmasna müsbət təsir edir.
İsraildə aparılan elmi tədqiqata görə, sübut edilib ki, peyvəndləmə aktiv şəkildə başladıqdan sonra onu hələ qəbul etməyənlərdə virusa yoluxma zamanı virus yükü kifayət qədər aşağı olub. Virus yükünün aşağı düşməsi o deməkdir ki, ağır kliniki gedişatların da sayı aşağı düşəcək ki, bu da ölüm saylarının azalmasına gətirib çıxaracaq. Ona görə də hər kəs peyvəndləmədə aktiv iştirak etməlidir”.