Vaksinasiya faizinin aşağı olduğu rayonlar açıqlanıb

Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb
müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya
Mərkəzinin şöbə müdiri Aygün İsmayılova deyib.


Trend
Aygün İsmayılova ilə müsahibəni təqdim edir.

– Aygün xanım, səhiyyə naziri Teymur Musayev 2022-ci il 24-30
aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında
“İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalayıb.
İmzalanmış sənəd özündə nə ehtiva edir?

– Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı
ildən etibarən hər il 24-30 aprel tarixlərində Avropa regionunda
“İmmunlaşdırma həftəsi” keçirilir. İmmunlaşdırma kampaniyası
peyvəndlərlə qarşısı alına bilən xəstəliklərdən uşaqların qorunmaq
hüququ olması barədə əhalini məlumatlandırmaq, eyni zamanda
peyvəndlə əhatə olunma səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Uşaqların sağlamlığının qorunması daim dövlətin diqqət
mərkəzindədir. Hər il olduğu kimi cari ildə də ölkəmizdə aprel
ayının sonuncu həftəsində “İmmunlaşdırma həftəsi” keçirilir.
İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və
peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib.

Səhiyyə naziri Teymur Musayevin imzaladığı sənədə əsasən,
ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq
tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında
profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli
Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə
poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi
tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik
peyvəndlənmələri aparılır.

– Respublikanın hansı rayonlarında peyvəndlərlə əhatə səviyyəsi
aşağıdır?

– İmmunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik
və ölümdən xilas olunur. Azərbaycanda qəbul olunmuş peyvənd
təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə
qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə
ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri
vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda,
Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi
olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur.
Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət
qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci
ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan,
İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə
yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən
həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri
tərəfindən “İmmunlaşdırma həftəsi” çərçivəsində ÜST-nin dəstəyi ilə
monitorinq və treninqlərin keçirilməsi nəzərdə tutulub.

– Uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə
hansı tapşırıqların verilməsi gözlənilir?

– Tibb müəssisələrində vaksin və peyvənd materiallarının tam
təminatı təşkil edilir. “İmmunlaşdırma həftəsi” zamanı peyvəndlərin
vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları
maarifləndiriləcək.

COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə
alınaraq, uşaqların immunlaşdırması növbəlilik əsasında olunması
nəzərdə tutulur.

– Müxtəlif səbəbdən immunlaşdırmadan kənarda qalan uşaqlar üçün
hansı tədbirlər görüləcək?

– Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən
kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması
“İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindəndir. Kampaniya
çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları
hazırlanılır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır.

– İmmunlaşdırma həftəsi ilə bağlı hansı maarifləndirici
tədbirlərin görülməsi nəzərdə tutulub?

– Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi və
əhalinin məlumatlandırılma səviyyəsinin artırılması məqsədilə
dəyirmi masaların və seminarların keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, “İmmunlaşdırma həftəsi” çərçivəsində maarifləndirici
broşür və bukletlərin paylanılması, həmçinin kütləvi informasiya
vasitələrində müvafiq məlumatların verilməsi nəzərdə tutulub.

Teqlər: