Böyük Britaniyanın koronavirusa qarşı vaksinasiya proqramı bu günə qədər təxminən 14 min ölümdən və 45 mindən çox xəstəxanaya yerləşdirilmədən yayınmağa imkan verib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Londonda keçirilən mətbuat konfransı zamanı Krallığın biznes, enerji və sənaye strategiyası nazirinin müavini Nadim Zahavi deyib.
Onun sözlərinə görə, ölkədə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı artır, lakin bunlar koronavirusa qarşı peyvənd olunmayan vətəndaşlardır. Hazırda xəstəxanalara vaksinasiya prosesindən öncəki dövrlə müqayisədə isə daha az insan yerləşdirilir:
“Biz dəqiq bilirik və siz də bilirsiniz ki, peyvəndlər vəziyyəti dəyişir. Onlar bizə pandemiyanı aradan qaldırmağa imkan verəcəklər. Son məlumatlar göstərir ki, vaksinasiya proqramı 14 mindən çox insanın həyatını xilas eməyə imkan verib və indi onu da deyə bilərəm ki, təkcə İngiltərədə bunun sayəsində 44,5 min xəstəxanaya yerləşdirilmə halının da qarşısı alınıb. Xəstəxanaya yerləşdirilənlərin məlumatlarına baxsanız, proqramın işlədiyini açıq şəkildə görə bilərsiniz”.
Nazir müavini vurğulayıb ki, xəstəxanaya yerləşdirilənlərin 10 faizindən azı peyvəndlənən vətəndaşlardır.