Vaksinasiya aparılmasaydı, yoluxma daha yüksək olardı – TƏBİB

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda vaksinasiya prosesi aparılmasaydı, COVİD-19-a yoluxma sayı daha da yüksək ola bilərdi.

Bunu AzerTimes-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

İndiyədək 500 minədək insanın vaksin vurdurduğunu deyən V.Əliyev bunu yüksək rəqəm sayıb.

O, bir çox ölkələrin vaksinasiyaya hələ yeni başladığını, artıq vaksinin alınmasının da çətin məsələ olduğunu söyləyib.

TƏBİB nümayəndəsinin sözlərinə görə, pandemiya dövründə sərt karantin qaydalarının tətbiq edildiyi müddətdən bir qədər sonra yoluxma sayında azalmalar baş verir. Yumşalmalar isə yenidən yoluxma sayında artımlara səbəb olur: “İndi də yumlaşma dövrü olduğu üçün sayda artımın olması baş verir”.

V.Əliyev qeyd edib ki, yoluxma sayının artmaması üçün əhali arasında virusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi lazımdır:

“Bunun üçün ilk tədbir ara məsafənin saxlanılması, tibbi maskadan istifadə, izolyasiyanın təmin edilməsidir. Bunun ikinci yolu isə vaksinasiyadır. Artıq tibb işçiləri vaksin edilib, yaşı 50-dən çox olan insanların vaksinasiyası hazırda həyata keçirilir”.

Mütəxəssis bildirib ki, Azərbaycan peyvəndi ilk istifadə edən ölkələrdəndir: “Bu baxımdan biz vaksinasiyanın başlanılmasında gecikməmişik”.

Teqlər: