Vahid informasiya bazasının yaradılması bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alacaq – Ekspert

Çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici
sənədlərin vahid informasiya bazasının yaradılması bu sahədə bir
sıra pozuntuların qarşısını alacaq.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur
Fərzəliyev deyib.

Ekspert bildirib ki, hazırda Bakı və bölgələrdə tikilən
binaların çoxunun alqı-satqısı və reyestri tikinti şirkətlərinin
özləri tərəfindən aparılır.

“İllərdir bir mənzilin bir neçə şəxsə satıldığının şahidi
oluruq. İş məhkəməyə qədər gedib çıxsa da məhkəmə belə vətəndaşa
köməklik etməkdə çətinlik çəkir. Bütün reyestr baza şirkətin özündə
olur və hər hansı korrupsiya halına yol verilsə vətəndaş bu faktı
bilmir. Lakin yeni fəaliyyət planında yer alan bölmədə artıq yeni
binaların alqı-satqısı vahid reyestrdə toplanacaq. Bu, çıxarışı
əvəz edən bir sənəd rolunu oynayacaq. Alqı-satqı olan zaman alacağı
mənzilin kimə aid olduğunu dəqiq biləcək”, – E.Fərzəliyev
deyib.

Onun sözlərinə görə, yeni binaların tikilməsi iqtisadiyyata
fayda verir. Lakin həmin binaların da satışı hansısa dövlət qurumu
tərəfindən aparılmalıdır:

“Belə olduqda vətəndaş da əmin olur ki, alacağı mənzil ondan
xəbərsiz başqa şəxsə satılmayacaq və mənzilin bir neçə sahibi
yoxdur. Yeni tikilməkdə olan binalardakı mənzillər çıxarışla
satılmadığına görə insanlar mənzil almağa ehtiyat edirlər. Buna
görə də vətəndaşlar gözləmə mövqeyi tuturlar ki, bina tikilib
qutarsın və binaya çıxarış verilsin ki, mənzili alsınlar. Lakin
çıxarış verildikdən sonra mənzillərin qiymətində bahalaşma müşahidə
olunur. Belə ki çıxarışlı mənzillə, müqaviləli mənzil arasında hər
kvadratmetrinə görə, 300 manata yaxın qiymət fərqi olur”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı
illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”na əsasən
çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici
sənədlərin vahid informasiya bazası yaradılacaq.

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti İqtisadiyyat
Nazirliyi ilə birlikdə 2022-2024-cü illərdə tikilməkdə olan və ya
tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda
mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid
informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın
təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsini
təmin etməlidir.

Bunun üçün vahid informasiya bazasının yaradılması, daşınmaz
əmlakın təminat qeydinin aparılması mexanizmlərinin
təkmilləşdirilməsi üçün təkliflər toplanılacaq, vahid informasiya
bazası yaradılacaq və daşınmaz əmlakın təminat qeydinin aparılması
mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər təqdim
ediləcək.

Teqlər: