Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Münasibətləri
və Məşğulluq” altsisteminin (ƏMAS) hazırlanması işlərini artıq başa
çatdırır. Hazırda sınaq işləri gedir. Gələn ayın əvvəlindən bu
e-platformanın istifadəyə verilməsi nəzərdə tutulur.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev ƏMAS-ın hazırlanması ilə bağlı aparılan işlərə dair
keçirilən iclasda bildirib.

Nazir vurğulayıb ki, bu altsistem bütün işəgötürənlər və işə
qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması rolunu
oynayacaq və rəqəmsal kadr uçotu sisteminin qurulmasını təmin
edəcək. Yeni e-platforma həm işəgötürənlər, həm də işçilər, eləcə
də işsiz və işaxtaran şəxslər üçün mühüm dəstək olacaq.

S.Babayev bildirib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı
işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək
ƏMAS məşğulluq xəritəsini, həmçinin məşğulluq reyestrini
formalaşdırmağa, elektron birja və elektron peşə təliminə də şərait
yaradır.

Qeyd edilib ki, altsistem işsiz və işaxtaran şəxslərin aktiv
məşğulluq proqramlarına əlçatanlığını daha da artırmaqla, onların
bu proqramlara cəlb olunması prosesinin daha operativ təşkilinə
imkan verəcək.

Əməyin təşkili və mühafizəsində beynəlxalq standartların
tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin
gözlənilməsi və s. məsələlərdə də altsistem öz dəstəyini
göstərəcək.

İclasda ƏMAS-ın hazırlanması, yeni e-platformanın sınaqdan
keçirilməsi işlərinə dair müzakirələr aparılıb.

Teqlər: