Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılan və ilkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzlərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərdən ibarət 195 nəfərin müraciətinə baxılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 7 qurum üzrə 26 xidmətin “bir pəncərə”dən göstərildiyi vahid əlaqələndirmə mərkəzlərində qəbul edilən müraciətlərin sayı:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 14 müraciət;
- Müdafiə Nazirliyi üzrə 113 müraciət;
- Səhiyyə Nazirliyi üzrə 7 müraciət;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 18 müraciət;
- Yerli icra hakimiyyəti orqanları üzrə 15 müraciət;
- Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 28 müraciət;
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə müraciət olmayıb.
Müraciətlərə operativ şəkildə baxılıb və vətəndaşlara aidiyyəti üzrə xidmətlərin göstərilməsi təmin olunub. “142” – Çağrı Mərkəzi tərəfindən isə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti ilə əlaqəli 66 müraciət cavablandırılıb.
Dövlət başçısının 2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etməyə xidmət edir.
Vahid əlaqələndirmə mərkəzləri:
- Yasamal, Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86);
- Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b);
- Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzi (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.);
- Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03) fəaliyyət göstərir.