Xəbər - Humay Ağacanova – Trend:
Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə
yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid
ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi
qulluqçular və müharibə əlillərindən ibarət 15,6 min şəxsə
xidmətlər göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Trend-ə verilən məlumata görə, 142 Çağrı mərkəzi tərəfindən isə
həmin mərkəzlərə aid məsələlər üzrə 25,5 min vətəndaş müraciəti
cavablandırılıb.
Hazırda Bakı şəhərindəki və Abşeron rayonundakı DOST
mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı və Ucar
rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət
göstərir. Həmin mərkəzlərdə 39 qurum, o cümlədən 6 mərkəzi (Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə
Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta
Kommersiya Şirkəti) və 33 yerli icra hakimiyyəti orqanı tərəfindən
26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf,
vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.
Bu xidmətlərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial
ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər
sahələrə dair xidmətlər daxildir.
Hazırda vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin
respublikamızın bölgələri üzrə genişləndirilməsi istiqamətində
işlər aparılır.
Mərkəzlərə müraciətlərin qurumlar üzrə bölgüsü isə belədir –
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 5988; Müdafiə
Nazirliyi üzrə 6979; Səhiyyə Nazirliyi üzrə 266; Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 402; İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi üzrə 224; Dövlət Sığorta Kommersiya
Şirkəti üzrə 1287; Yerli İcra Hakimiyyətləri üzrə 446 müraciət.