Vahid əlaqələndirmə mərkəzləri üzrə 110 mindən çox müraciətə baxılıb

Vahid əlaqələndirmə mərkəzləri üzrə cavablandırılan müraciət
sayı 110 mini ötüb. Mərkəzlərdə şəhid ailələri üzvləri, müharibə
ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə
əlillərindən ibarət 28 712 şəxsə xidmətlər göstərilib. Çağrı
Mərkəzi 142 tərəfindən isə vahid əlaqələndirmə mərkəzləri ilə bağlı
məsələlər üzrə 83 632 vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin 96 514-ü Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, 12439-u Müdafiə Nazirliyi, 757-si Səhiyyə Nazirliyi və
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 619-u Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, 1 437-i Dövlət Sığorta
Kommersiya Şirkəti, 578-i isə yerli icra hakimiyyətləri ilə bağlı
olub.

Hazırda Bakı şəhərində və Abşeron rayonundakı DOST
mərkəzlərində, həmçinin Gəncə şəhəri, Masallı və Ucar rayonlarında
regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir və bu
mərkəzlərdə 39 qurum (6 mərkəzi və 33 yerli icra hakimiyyəti
orqanı) tərəfindən 26 istiqamət üzrə xidmətlər göstərilir.

Bu xidmətlərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial
ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər
sahələrə dair xidmətlər daxildir. Hazırda respublikamızın digər
bölgələrində də vahid əlaqələndirmə mərkəzlərinin açılması
istiqamətində işlər aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2021-ci il
tarixli Fərmanı ilə yaradılan Vahid əlaqələndirmə mərkəzlərinin
yaradılmasında məqsəd adıçəkilən şəxslərin əlavə xərclərinin və
vaxt itkisinin qarşısını almaq, onlara göstərilən xidmət
səviyyəsini yüksəltmək, xidmətlərin əlçatanlığını, rahatlığını
təmin etmək, həmçinin korrupsiyaya qarşı mübarizəni
gücləndirməkdir.

Teqlər: