“Vahid ədliyyə portalı”nın təqdimatı keçirildi

“Vahid ədliyyə portalı”nın təqdimatı keçirildi

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Ədliyyə Nazirliyinin hibrid formada kollegiya iclasında ədliyyə sahəsində xidmətlərə və informasiyaya əlçatanlığı asanlaşdıran “Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib.

AzerTimes xəbər verir ki, kollegiya iclasında qeyd olunub ki, portal vasitəsilə vətəndaşlar fərdi kabinetə sahib olmaqla vahid mənbədə elektron ədliyyə xidmətlərindən bəhrələnə, ona aid məlumat və rəsmi sənədlərlə tanış ola biləcəklər. Portal həm də ictimaiyyət üçün açıq olan nazirliyin rəsmi internet saytını özündə ehtiva edir və ədliyyə sahəsində kommunikasiyanın səmərəli və operativ həyata keçirilməsi imkanı yaradır.

Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən nazirlik tərəfindən Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” sisteminin yaradılaraq bütün ölkə üzrə tam tətbiqinə toxunulub, onun mühüm tərkib hissəsi olan məhkəmələrin vahid internet portalının yeni versiyası nümayiş etdirilib.

“Vahid məhkəmə portalı”nın məhkəmə sistemi ilə bağlı məlumatlarla tanış olmaq, iddia ərizəsi, şikayət və pretenziyalar vermək, dövlət rüsumlarını ödəmək və digər funksional imkanları xeyli təkmilləşdirilib. İstifadəçilərə keyfiyyətli hüquqi yardımla bağlı vəkil və mediasiya təşkilatlarını seçmək, onlara müraciət etmək, məhkəmə iclasında videokonfrans formatında iştirak etmək və digər yeni əlavə imkanlar yaradılıb, “Mobil məhkəmə” tətbiqinin interaktivliyi artırılıb.

Teqlər: