COVİD-dən uzun müddət əziyyət çəkən insanlarda sonradan üzə çıxan bəzi əlavə təsirlər arasında idrak qabiliyyətinin və zəkanın azalmasının da olduğu müəyyən edilib.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, COVİD-19-dan sonra uzun müddət fərqli simptomlarla özünü göstərən “Long Covid” kimi tanınan xəstəliklə bağlı yeni araşdırma aparılıb.
112 mindən çox insanın məlumatları araşdırılıb. Tədqiqat iştirakçılarının zəka, diqqət və səbəb-nəticə əlaqəsi qurma bacarığı kimi beyin qabiliyyətləri ölçülüb. Məlum olub ki, “Long Covid” xəstələrinin intellekti azalır və onların IQ-da 6 ballıq azalma müşahidə edilir.
Nəticələrə görə, uzunmüddətli COVİD-ə yoluxan xəstələrin bəzilərində simptomlar 3 ay sonra yoxa çıxsa da, IQ-larında 3 ballıq azalma olub.
Xəstəliyin simptomları 12 həftədən çox davam edənlərdə isə IQ azalması 6 bal olaraq müəyyənləşib. Ağır COVİD-19 keçirənlər və xəstəxanaya yerləşdirilməli olanlar üçün vəziyyət daha da pisdir. Məlum olub ki, şiddətli COVİD-19 keçirənlərdə IQ azalması 9 bala çatıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyada ən azı 65 milyon insan hələ də uzunmüddətli COVİD ilə mübarizə aparır.