Üzeyir bəyin xahişini Stalin dərhal yerinə yetirir…

Üzeyir bəyin xahişini Stalin dərhal yerinə yetirir…

Hind fəlsəfəsinə görə bir insan qiyamət gününə qədər 7 dəfə müxtəlif bədənlərdə doğulur. 7 ömür, 7 insan, 7 həyatdan sonra o əbədi olaraq ruhlar aləminə gedir. Dünyada elə insanlar da var ki, Yaradan onu cəmi bir dəfə doğulmağa imkan verir. Onlar Tanrının yanında uca məqam tutan mələklər sayılırlar.

Bunlardan biri də Azərbaycan və Şərq musiqininin nəhəng ismi Üzeyir bəy Hacıbəyli idi. Üzeyir bəyin 4 qardaşı vardı: Sayad, Əbuhəyat, Zülfüqar və Ceyhun. Onların hamısı Üzeyir bəyin sanki özü idi, ruh əkizi idi. Üzeyir bəyin son nəfəsinə qədər sevdiyi, həsrət çəkdiyi, görmək istədiyi isə Versal Sülh Müqaviləsi üçün Parisə yollanan və daha geri qayıda bilməyən qardaşı, jurnalist Ceyhun Hacıbəyli idi. O, xaricdə ömrü boyu ailəsinin həsrəti ilə yaşadı və bəy də onun dərdini son nəfəsinə qədər ürəyində çəkdi. Onu Vətənə qaytarmaq üçün bütün cəhdləri edirdi, belə bir şans isə Üzeyir bəy üçün cəmi bir dəfə yarandı.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında “Koroğlu” operası ilk dəfə tamaşaya qoyuldu (librettosu H.İsmayılov və M.S.Ordubadinindir). Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan “Koroğlu” operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Ü.Hacıbəylinin yaradıcılığının zirvəsini təşkil edir.

1938-ci ilin aprelində isə “Koroğlu” Azərbaycan dekadası çərçivəsində Bolşoy Teatrda oynanılır. Operadan sonra Stalinlə bir məclisdə görüşmək üçün şərait yaranır. Məclisdə Stalin Üzeyir bəyi öz yanında oturdur və onun şərəfinə badə qaldırır. Hətta Hacıbəylinin bir operasından kiçik ariyanı əzbərdən oxuyur. Ziyafət vaxtı bəstəkarla etdiyi şəxsi söhbətdən sonra Stalin Üzeyir bəydən ürəyindən nə arzu keçdiyini soruşur. Bütün qapıların onun üzünə açıldığı zaman Üzeyir bəy yalnız bir xahiş edir: Uzun müddətdir qürbətdə yaşayan mühacir qardaşı Ceyhun Hacıbəylinin SSRİ-yə qayıtmasına icazə verməsini..

Stalin o qədər operadan razı qalmışdı ki, tapşırıq verir ki, Üzeyir bəyin istəyi yerinə yetirilsin və Ceyhunun geri qayıtması üçün bütün lazımi işlər görülsün. Bakıya qayıtmağa razı olsa, ona ev, iş, maşın da vəd edir.

Üzeyir bəy bundan o qədər sevinir ki, dərhal qardaşı Ceyhuna bu barədə məktub yazır. Lakin Parisdə yaşayan və ömrünü orada başa vuran Ceyhun bəy bu fikirlə razılaşmır, daha doğrusu, Stalinə inanmır. Çünki Ceyhun Hacıbəyli bədii əsərləri ilə də imperiyaya, onun ideologiyasına, Stalin rejiminə qarşı amansız mücadilə aparırdı. Yazıçının fransız dilində qələmə aldığı “Nejdanovun işi” adlı hekayəsi də Sovetlərdə qadağan olunmuşdu. Buna görə də Ceyhun bəy yazır ki, əgər Bakıya qayıtsa, həbs ediləcək..

Bu da Üzeyir bəyə əlavə dərd olur. Son nəfəsinə qədər Ceyhunu görmək arzusu ilə yaşayır.

Bəyin son günlərində onu ən çox ziyarət edən Səməd Vurğun idi. O, ölümünə saatlar qala Səməd Vurğundan xahiş edir ki, əgər bir gün qardaşı Vətənə dönüb burada vəfat edərsə, onu öz məzarının yanında dəfn etsinlər.

Sonra Üzeyir bəy deyir: Səməd, vaxtdır, köçmək gərək, köçmək bu dari-fənadan yavaş-yavaş!..

Üzeyir bəy son nəfəsində “Ceyhun” deyərək, dünyasını dəyişib.

Teqlər: