Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI ilə nəqliyyat vasitələrinin texniki müayinə və gömrük prosedurları zamanı tələb olunan rüsumlara əlavə edilən utilizasiya haqqı nədir və nəyə əsasən ödənilməlidir ?
Təbii ki, bu məsələ ictimaiyyətə elan edildikdən sonra yuxarıda qeyd olunan sual ortaya çıxır.
Utilizasiya haqqı dedikdə hansısa rüsum anlayışı yaranır və bütün rüsumlar, rüsum məbləğləri Dövlət Rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Dövlət rüsumu haqqında Qanunu gözdən keçirdikdə isə, orada nəqliyyat vasitəsinin utilizasiya rüsumu deyilən bir maddə, bənd mövcud olmadığını görərik.
Elə isə nə səbəbə və hansı qanuna əsaslanaraq, bu tip qərarlar verilir və cəmiyyətdən bu tip qanunsuz “utilizasiya haqqı” tələb olunur ?
Baş nazir Əli Əsədovun imzaladığı bu qərar tam əsassızdır və qanunlara söykənmir.
Vəzifəsindən asılı olmayaraq, hər bir məmur yalnız qanunu tələbi icra etməklə mükəlləfdir.
Nazirlər Kabineti və ya istənilən nazirlik qanunverici orqan deyildir, icraçı orqandır.
Azərbaycan Respublikasında qanunverici orqan isə ölkənin parlamentidir, Milli Məclisdir.
Nazirlik və ya digər orqanlar tərəfindən Milli Məclisə təkliflər təqdim olunduqdan sonra millət vəkillərinin səsverməsinə çıxarılmalı, məqbul göründüyü halda səsvermədə çoxluq təşkil edərsə, qanun qəbul edilər və daha sonra qüvvəyə mindikdən sonra qanuna əlavələr edilə bilər. Yalnız bundan sonra hər hansı rüsum vətəndaşlardan tələb oluna bilər.
Qeyd olunan utilizasiya haqqının yığılma səbəbləri nasaz və köhnə avtomobil sahiblərinə güzəşt talonu veriləcək ki, yeni və yalnız Azərbaycanda istehsal olunmuş avtomobillər alarkən bu məbləğdən endirim olaraq istifadə edə bilsinlər.
Güzəşt məbləğləri kvadrisikl (müxtəlif motosiklet və mopedlər) və təkərləri dörddən az olan nəqliyyat vasitələri üçün 200 manat, oturacaq yerlərinin sayı (sürücü oturacağını saymamaqla) səkkizi keçməyən və sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələri üçün 1500 manat olacaq.
Köhnə avtomobilini utilizasiyaya verən şəxsləri Azərbaycanda istehsal edilən avtomobil alarsa, həmin avtomobilin dəyərinə bu məbləğdə endirim əldə edəcək. Bu şəxslər güzəşt yox, birdəfəlik ödəmə istəsə, o zaman onlara yuxarıda qeyd edilən məbləğlərin 70 faizi ödəniləcək.
Gördüyümüz kimi, məcburi şəkildə ödəniləcək bu “utilizasiya haqqı” vətəndaşlara cüzi və qısıtlı güzəşt kimi olan və bir çox vətəndaşların almaq istəmədiyi yerli istehsal, daha dəqiq desək, yerli yığım olan avtomobilləri digər şəxslər hər il ödəniş etməklə təmin etmiş olacaqlar.
Qeyd edək ki, hər bir vətəndaş tələb olunan bu “utilizasiya haqqını” ödəməkdən imtina etmək hüququna malikdir və Dövlət rüsumu haqqında Qanuna əlavə edilənədək bu tələb qanunsuzdur.