ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda keçirilən Avropa “İmmunlaşdırma Həftəsi“ kampaniyasında iştirak edib (FOTO)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional
direktoru Hans Henri Klugenin Azərbaycana səfəri davam edir.

Trend xəbər verir ki, səfərin ikinci günündə H.Kluge Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə
birgə son iki il ərzində USAID və UkAid maliyyə dəstəyilə keçirilən
ÜST-nin “Azərbaycandakı İlkin Səhiyyə Xidməti üzrə Nümayiş
layihəsi”nin ərazisi olan Şamaxı rayonunu ziyarət edib.

ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda Avropa
“İmmunlaşdırma Həftəsi” çərçivəsində keçirilən tədbirlərə qatılıb.
Qonaqlar Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirə, daha sonra
rayonun Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar
klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb işçiləri və
tələbələrlə görüşüb. “İmmunlaşdırma Həftəsi” çərçivəsində həyata
keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat
verilib.

Daha sonra qonaqlar ilkin səhiyyə xidmətinin təkrar təşkili
modeli ilə tanış olmaq üçün Şamaxı Təlim Mərkəzini ziyarət
ediblər.

Tədbirdə çıxış edən Hans Henri Kluge ilkin səhiyyə xidmətinin
gücləndirilməsini universal tibbi təminatın əsasını təşkil etdiyini
vurğulayıb: “Bu gün yerli, milli və beynəlxalq tərəfdaşların birgə
iştirakı ilə Şamaxıda reallaşan layihələr səhiyyə xidmətlərini daha
əlçatan edir”.

Qeyd edək ki, Avropa “İmmunlaşdırma Həftə”sinə həsr edilmiş
Şamaxı səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin
Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə
Vaksinasiyaya Dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi
immunizasiya kampaniyası çərçivəsində baş tutub.

Teqlər: