Bərdə. Aslan Məmmədli -Trend:
ÜST münaqişənin təsirinə məruz qalmış 5 rayonda “Sağlamlıq Xəmsəsi” layihəsini yekunlaşdırır
Trend xəbər verir ki, “Sağlamlıq Xəmsəsi” layihəsi keçmiş təmas xəttinə yaxın 5 rayonda ambulator səhiyyə xidmətlərinə əlçatanlığı artırmaqla son münaqişə və COVID-19-un mənfi təsirlərini azaltmaq məqsədi daşıyır.
3 aya yaxın müddətdə səyyar tibbi komandalar 25 kənddə təxminən 3 minə yaxın insana xidmət göstərib, onlardan 75%-i qadın və uşaqlardır. Sözügedən regionlardakı tibb işçilərinə psixi sağlamlıq, ilkin pediatrik xidmət və epidemioloji müşahidə ilə bağlı təlimlər keçirilib.
Bundan əlavə, 5 rayonun xəstəxanaları və ilkin səhiyyə mərkəzləri zəruri tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin edilib. Bunlara 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, 480 qutu antigen testi, 38 adda avadanlıq və 101 adda dərman vasitəsi daxildir. Qabaqlayıcı tədbirlər və maskalardan düzgün istifadə daxil olmaqla, əhaliyə maarifləndirici materiallar paylanıb.
BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondunun maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlıq çərçivəsində baş tutub.
“Münaqişə bölgədəki səhiyyə sisteminin yükünü daha da artırdı. Zəruri səhiyyə xidmətlərinə əlçatanlıq, münaqişənin təsirinə məruz qalmış bölgələrdə, xüsusilə ucqar kəndlərdə böyük bir problemdir. Bu xidmətlərə çıxışı olmayan insanlara təmənnasız xidmətlər göstərməklə və sözügedən məsələnin əhəmiyyətini vurğulayaraq bu layihənin insanların həyatında dəyişiklik yaratdığına inanırıq. Fəaliyyətimizi burada davam etdirə bilmək üçün fəal şəkildə tərəfdaşlar axtarırıq ”, – deyə bağlanış mərasimində ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmanci bildirib.
Layihənin sonunda həkimlərə və psixoloqlara sertifikatlar təqdim edilib və layihənin əhəmiyyətinə dair çıxışlar edilib.