Uşaqlığımı, gəncliyimi Zabuxda qoyub çıxdıq – Sakin

Uşaqlığımı, gəncliyimi Zabuxda qoyub çıxdıq – Sakin

Prezident, Ali Baş Komandanın Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndləri nəzarətə götürməsi xəbərini eşidəndə sevinc göz yaşlarımı saxlaya bilmədim.

AzerTimes xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Zabux kənd sakini Rövşən Həsənov söyləyib.

O, 30 illik doğma el-oba həsrətinin sona çatdığını kövrək hisslərlə dilə gətirərək deyib:

“1989-cu ildən könüllü olaraq tabora yollandım. 1992-ci ilədək düşmənlə döyüşlərdə iştirak etdim. Sonda isə dədə-baba torpaqlarımızı tərk etməli olduq. Uşaqlığımı, gəncliyimi Zabuxda qoyub çıxdıq. Bu illər ərzində Azərbaycanın müxtəlif dilbər guşələrində yaşadıq. Ən son olaraq Bakıya məskən saldıq”.

Bugünkü xoş xəbəri eşidən müsahibimiz söyləyir ki, Zabuxu tərk edərkən ailədə 5 nəfər olublar. “Atam, anam, bacım və qardaşımla birgə didərgin düşdük. Atam torpaq həsrəti ilə bu dünyadan köçdü. Şükürlər olsun, anama 86 yaşında Zabuxun yenidən Azərbaycan torpağı olması xəbərini verə bildik. İndi mənim 8 nəvəm var. Ailəmlə oraya köçəcəyik. Nəvələrimə hər dağı, dağ ətəklərini, çayları – bir sözlə, kəndimizin bütün gözəlliklərini göstərəcəyəm”.

R.Həsənov bu gözəl gün münasibəti laçınlıları, bütün Azərbaycan xalqını təbrik edərək, Qələbəmizin daimi olmasını arzulayıb.

Teqlər: