Xəbər - Çingiz Səfərli – Trend:
Uşaqların ümumrespublika forumlarındakı təklifləri dövlət proqramlarının hazırlanmasında nəzərə alınır.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, bugünkü forumda da maraqlı təklif və fikirlərin olacağı gözlənilir:
“2009-ci ildən uşaqların ümumrespublika forumları keçirilir. Bu müddət ərzində artıq müəyyən bir ənənə formalaşıb. Biz forumu Azərbaycan uşaqları içərisindən yüksək liderlik qabiliyyətləri olan müxtəlif sahələr üzrə savadlı, bacarıqlı, ictimai həyata marağı olan uşaqların üzə çıxarılması və onların gələcək həyatına müəyyən istiqamətlər verilməsi üçün çox əhəmiyyətli platforma kimi qiymətləndiririk. Eyni zamanda bu forumlarda gündəlik həyatımıza daxil olan bir sıra aktual məsələlər uşaqlar tərəfindən müzakirə olunur. Onlar düşüncələrini, narazılıqlarını və istəklərini bildirirlər və onların fikri ümumiləşdirilərək forumun qəbul etdiyi sənədlərdə əskisini tapır. Sonra isə bu, qərarlarlarda, işlənilən dövlət və fəaliyyət planlarında, ayrı-ayrı layihələrdə nəzərə alınır. Bu baxımdan forumlar böyüklərin işini asanlaşdırır. Əlbəttə ki, onların istək və arzularının imkanlar çərçivəsində reallaşdırılmasına çalışırıq. Maraqlı və vacib məsələlər qaldırılır. Bu günə kimi uşaqların təklifləri əsasında bir sıra dövlət proqramları qəbul olunub və icra prosesindədir. Bugünkü forum da çox ciddi məsələlərə həsr olunub. Düşünürəm ki, günün sonunda biz maraqlı təkliflərin, fikirlərin və mövqelərin şahidi olacağıq. Nəzərə alsaq ki, 2 gün sonra Ümumdünya Uşaqlar Günüdür. Uşaq hüquqlarının qorunması bütün ölkələrin vəzifəsidir. Azərbaycan da buna çox məsuliyyətlə yanaşır”, – B.Muradova deyib.
Qeyd edək ki, Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.
Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.