Uşaqların hüquqlarının qorunması cəmiyyət qarşısında duran əsas vəzifələrdən biridir

Son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə məktəbəqədər və ümumtəhsil müəssisələrində uşaqlara qarşı zorakılq hallarının baş verməsi ilə əlaqədar müxtəlif məzmunlu məlumatlar yayımlanır. Əlbəttə, uşaqlara qarşı belə hallara yol verilməsi birmənalı şəkildə yolverilməzdir. İsmayıllı rayonunda baş verən son hadisə ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən uşağa qarşı şiddət göstərən körplər evi-uşaq baxçasının tərbiyəçisinə qarşı ciddi tədbir görülmüş və həmin tərbiyəçi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, ləğv edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bu məsələyə münasibət bildirilərək qeyd olunmuşdur ki, uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq yolverilməzdir.

Sual yaranır, niyə cəmiyyətdə belə hallara rast gəlinir? Hansı tədbirlərlə belə halların baş verməsinin qarşısını almaq olar? Qanunvericilik nöqteyi-nəzədən heç bir problem yoxdur. Azərbaycanda bu sahani əhatə edən, müasir tələblərə cavab verən hüquqi baza yaradılmışdır. Qüvvədə olan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Konstitusiyamıza, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq hüquqlarına dair Beynəlxalq Konvensiyaya və digər hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini və onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Bundan başqa, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Resbuliksı qanunlarında, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, “Məktəbəqədər təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə təhsilverənlərin və təhsilalanların, o cümlədən, valideynlərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, yetərincə normativ-hüquqi baza olsa da, cəmiyyətdə bu sahədə maarifləndirmə işləri yetərincə deyil. Eyni zamanda, müxtəlif kütləvi informasiya vasitəlirindəki yazılarda, televiziya verilişlərində əsasən təhsil müəssisələrinin, müəllimlərin və tərbiyəçilərin tənqid olunduğu müşahidə olunur. Valideynlərin uşaqların vəzifələri və məsuliyyətləri barədə nədənsə az danışılır. Bu məsələyə birtərəfli yox, kompleks yanaşma lazımdır. Bütün vasitələrdən istifadə olunaraq cəmiyyətdə bu sahədə maarifləndirmə işlərini gücləndirmək lazımdır. Eyni zamanda, valideynlərlə bu sahəyə cavabdeh olan dövlət qrumları ilə, ictimai təşkilatlarla təhsil müəssiəyəri arasında işgüzar və səmərəli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Teqlər: