Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən 18 Noyabr –Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsinə dair Avropa Gününə həsr edilmiş onlayn tədbir keçirilib.
Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi və Nəsimi rayon məktəblərinin şagird və müəllimlərinin, eləcə də icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən maarifləndirmə tədbirində Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları uşaqlara qarşı zorakılıq və onun növləri, məişət zorakılığı, erkən nikah, internet təhlükəsizliyi, uşaqların istismardan və sui-istifadədən müdafiəsi haqqında məlumat veriblər.
Görüş zamanı qeyd olunan günün mahiyyəti barədə məlumat verilib, bu ərəfədə dünya ölkələrində həyata keçirilən tədbirlər, uşaqlara qarşı cinsi zorakılığın qarşısının alınması sahəsində mövcud beynəlxalq və milli qanunvericilik aktları barədə məlumat verilib, ölkəmiz tərəfindən müvafiq bəyanatla “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə uşaq hüquqlarının müdafiəsi sahəsində Müvəkkilin fəaliyyəti, “Uşaq Hüquqları Aylığı”nın məqsədi, bu çərçivədə paytaxtda və regionlarda keçirilən tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, aylıq çərçivəsində Bakı şəhərinin rayonları və regionlarda yerləşən 180-dən artıq ümumtəhsil məktəbini əhatə etməklə maarifləndirmə tədbirləri həyata keçirilib.