Azercell-in dəstəklədiyi xidmət uşaqları bədbəxt
hadisələrdən qorumaq üçün yeni imkanlar açır
“Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət
göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinin əməkdaşlıq
etdiyi dövlət qurumları sırasına Fövqəladə Hallar Nazirliyi (FHN)
də əlavə olundu. Mart ayından başlayan yeni əməkdaşlıq çərçivəsində
Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə uşaq və yeniyetmələr
tərəfindən daxil olan müraciətlər birbaşa olaraq “Uşaq Qaynar
Xətti”nə yönləndiriləcək. Fövqəladə Hallar Nazirliyinin “112”
qaynar xəttinə köməksiz halda olan insanlar, o cümlədən uşaq və
yaşlılar da müraciət edirlər. Odur ki, yeni əməkdaşlıq ağır
vəziyyətlə üzləşən azyaşlılara kömək etmək, baş verə biləcək hər
hansı bədbəxt hadisənin qarşısını almaq, psixoloji basqı və
zorakılıqla üzləşən yeniyetmələrə dərhal peşəkar yardımın
göstərilməsi baxımından çox əhəmiyyətlidir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə
günün istənilən vaxtı sabit şəbəkə telefonlarından (ATS), bütün növ
taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər
qəbul olunur.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti hər il müxtəlif
çətinliklərlə üzləşən minlərlə uşaq və yeniyetməyə təmənnasız
yardım edir. Hüquqları pozulan uşaqları psixoloji və fiziki
zədələrdən qorumaq məqsədi daşıyan bu mərkəz 11 ildən artıqdır ki,
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Azercell
Telekom, UNİCEF Azərbaycan, həmçinin uşaq problemləri sahəsində
çalışan dövlət qurumları ilə birgə əməkdaşlıq sayəsində gərgin
işini davam etdirir. Bu müddətdə AUQX 53.000-dən çox müxtəlif
xarakterli müraciət cavablayıb. Mərkəzə daxil olan bütün
müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər
tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir,
bəzi hallarda isə onlar müvafiq qurumlara yönləndirilir. Zorakılığa
məruz qalmış uşaqlar və onların ailə üzvlərinə mərkəzin peşəkar
əməkdaşları tərəfindən təcili psixoloji yardım da göstərilir.
“Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə 24 saat xidmət göstərən
116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51
880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected]
elektron poçt ünvanına, facebook və instagram sosial şəbəkələri,
mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi
vasitəsilə müraciət etmək olar.