Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi
Azercell Telekom MMC Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlər həyata keçirdi.
Bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş müxtəlif fəaliyyətlərdən ibarət proqram həssas qrupa aid uşaqları (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) əhatə etdi.
Layihə çərçivəsində Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayan uşaqlarla görüş keçirildi, tanınmış simalar öz uğur-motivasiya hekayələrini bölüşdülər. Həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar baş tutdu.
Həftəlik uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanalları və AUQX xidməti barədə maarifləndirici aksiya, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans ilə başa çatdı.