Xəbər - Humay Ağacanova – Trend:
Vətən müharibəsində qazanılan qələbə uşaqlarımız üçün də yeni bir mərhələ yaratdı.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, uşaq hüquqlarının müdafiəsi mövzusunda problemlər hələ də qalmaqdadır:
“Erkən nikahlar barədə təəssüf ki, hələ də məlumatlar daxil olur. Problemlərdən biri uşaqlara qarşı törədilən zorakılıqlardır. Bunların fəsadları ilə mübarizə aparmaq üçün regionlarda xüsusi komitələr fəaliyyət göstərir. Valideyn məsuliyyəti də uşaq hüquqlarının qorunmasında önəmli məsələdir.
Erməni təxribatı nəticəsində zərər görən uşaqlar və onların ailələrinə dəstək tədbirləri aparılır. Uşaqlar, gənclər və onların ailələrinə müxtəlif psixoloji dəstək proqramları çərçivəsində işlər görülür”, – komitə sədri deyib.
Qeyd edək ki, Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.
Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.