Prezident İlham Əliyev Uşaqların valideyn himayəsindən məhrum
olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin
gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında
Fərman imzalayıb.
AzerTimes xəbər verir ki,
Fərmanla 2022-ci il noyabrın 1-dən himayədar ailə sahəsində dövlət
siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən
himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin
(şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun
elektron qaydada aparılması, valideyn himayəsindən məhrum olmuş
uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün müəssisələrdə (bundan sonra – müəssisə)
yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı
qərarların qəbul edilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi
vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya
himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə
düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və
müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının
hazırlanması sahəsində səlahiyyətlərin həyata keçirilməsi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə həvalə edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi
ilə, habelə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş digər
məsələlərlə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair
təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim edəcək;
– bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi:
– bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, 2022-ci il noyabrın
1-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin
“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə”
altsisteminin təkmilləşdirilməsini təmin edəcək;
– bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri
tədbirlər görəcək.
Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmandan irəli gələn
məsələlərin həllinə zəruri kömək göstərəcəklər.