USAID Balakən, Qax bə Zaqatalada İnfrastrukturun yaxşılaşdırılmasında vətəndaş iştirakçılığına dəstək göstərir (FOTO/VİDEO)

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Caydev Sinqx Balakən, Qax və Zaqatalada sakinlərlə birgə USAID-in dəstəyi ilə həyata keçirilmiş layihələrin açılışında iştirak edib. Həmin icmalarda sakinlər texniki sutəminatının yaxşılaşdırılması və uşaq meydançası inşa etməklə icma infrastrukturunu təkmilləşdirməyə yönəlik layihələrə öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin layihələr İqtisadiyyat nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra edilən USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib.

ABŞ səfirliyindən AzerTimes-a verilən məlumata görə, Balakənin Qadaşbinə və Qaxın Cəlayir kəndlərində yeni salınmış su xətləri və su çənləri 1,120 nəfərdən ibarət 230 ailənin su təminatını yaxşılaşdıracaq. Bundan sonra icma üzvləri əvvəllər suyun daşınması və alışı üçün sərf etdikləri vaxta və vəsaitə qənaət edəcək və həyat şəraitlərini və iqtisadi imkanlarını yaxşılaşdırmağa daha çox diqqət ayıra biləcəklər.

Zaqatalanın Danaçı kəndində yeni inşa edilmiş uşaq meydançası 1,500 gənc ailədən olan uşaqları əyləncə xidmətləri ilə təmin edəcək. Meydança tikilməmişdən əvvəl ailələr uşaqlarını əyləncə mərkəzinə aparmaq üçün rayon mərkəzinə 30 km yol qət etməli olurdular. Sosial və iqtisadi faydası ilə yanaşı layihə sayəsində uşaqlar daha sağlam və xoşbəxt fəaliyyətlə məşğul olacaqlar.


Həmin layihələr USAID, Azərbaycanın hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 154 kənddə 373,000-ə yaxın insanın faydalana biləcəyi 193 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri olub.

Teqlər: