USAİD Astara və Yardımlıda infrastrukturun yaxşılaşdırılmasında vətəndaş iştirakçılığına dəstək göstərir (FOTO)

Astara və Yardımlı rayonlarının sakinləri kənd yollarının asfaltlanması və suvarma suyunun yaxşılaşdırılması istiqamətində icma infrastrukturunu təkmilləşdirməyə yönəlik layihələrə öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib.

AzerTimes xəbər verir ki, Astaranın Fətəlioba və Pensər kəndlərində yeni salınmış toplam 1,85 kilometrlik yollar bu iki icmada yaşayan 6,100-dən çox sakininin yaşayış şəraitini yaxılaşdıracaq. İcma sakinlərinin digər kəndlərlə əlaqələri, rayon mərkəzinə çıxışları yaxşılaşacaq, habelə sağlamlıq, təhsil, biznes və digər xidmətlərdən yararlanmaq üçün daha yaxşı imkana sahib olacaqlar, o cümlədən kənd təsərrüfatı məhsullarını vaxtında bazara çıxara biləcəklər. Yeni yollar icma sakinlərinə, xüsusilə uşaq və yaşlılara iqtisadi, sosial və ətraf mühit baxımından müsbət təsir göstərəcək.

Yardımlının Nisəqala kəndində yeni salınmış su xətti kəndin 1,200-dən çox sakininin suvarma suyuna əlçatanlığını yaxşılaşdıracaq. İcma üzvləri kənd təsərrüfatı məhsullarının istehsalını və keyfiyyətini, münbit torpaqlardan istifadəni, habelə kənd təsərrüfatı fəaliyyətlərindən gəlirlərini artıra biləcəklər. Layihə kənd sakinlərinin həyat standartlarını yaxşılaşdırılmasına töhfə verəcək və icmanın ümumi inkişafına müsbət təsir göstərəcək.


Həmin layihələr USAID, Azərbaycanın hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. USAID-in SEDA adlı layihəsi İqtisadiyyat nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 149 kənddə 377.200-ə yaxın insanın faydalana biləcəyi 171 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri olub.

Teqlər: