Urmu gölünün qurudulmasının əsl mahiyyəti ilə bağlı bir çox versiyalar var. İran bu layihəni 20 ildir ki, başladıb. Nə qədər çalışsaq da, bunun qarşısını ala bilməmişik.
Bu sözləri AzerTimes-a Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri, kimya mühəndisi Araz Ataxan Urmu gölünün qəsdən qurdulmasının litium maddəsi ilə bağlı olması fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rejimin Urmu gölünü qəsdən qurutması ilə bağlı müxtəlif fikirlər var:
“Son zamanlar gölün qəsdən qurudulmasını litium maddəsinin oradakı mövcudluğu ilə də əlaqələndirirlər. Bunun dəqiqliyi haqda nəsə demək çətindir. Lakin hökumətin atdığı addımlara baxanda bu fikir də ağlabatan görünür. Hətta deyilir ki, Urmu gölü tamamilə qurusun deyə gölün üzərindəki buludlar qəsdən dağıdılır. Ətraf bölgələrə qar yağsa da, ora heç yağış da yağmır. Bu versiyaların hamısı doğru ola bilər. Lakin sübutumuz yoxdur. Son bir həftədir göldən maşınlarla yük daşınır. 180-ə yaxın iritutumlu maşın Urmu gölündən nəsə daşıyır.
İranın Ekologiya Nazirliyi isə açıqlamasında bildirib ki, onlar göldən litium daşımırlar, quruyan ərazilərdən duzu aparırlar ki, ətrafa səpələnməsin. Lakin duzların hara daşınması ilə bağlı suala aydınlıq gətirilməyib. Ona görə də litimun daşınması ilə bağlı ehtimallar artıb və əhali hesab edir ki, göl bu səbəbdən qurudulur. Hətta çinlilərin ixtiyarına verildiyi də söylənilir. Bilirik ki, rejim bu gölün qurudulmasında başqa hədəflər güdür. Son beş ildir mədənlərimiz amansızcasına talan edilir. İstər qızıl, istər mis sərvətlərimiz fars bölgələrinə daşınır. Lakin bu hansı məqsədlə həyata keçirilir, bilmirik. Ya Azərbaycanın sərvətini qəsdən dağıdırlar, ya da həqiqətən litiuma görə belə edirlər. Suallarımız var: bura niyə qar yağmır və duzu niyə yayda daşımırdılar?”
Araz Ataxanın sözlərinə görə, Urmu gölü ətrafında bir çox qiymətli yataqlar mövcuddur:
“Urmu gölünün yatağında bir çox mədən var. Orda mövcud olan istər kimyəvi, istər digər maddələr çox qiymətlidir. Bu yataqlarda çoxlu litium olduğu deyilir. Litium hazırda elektrik sənayesində, avtomobildə, aerokosmik sənayedə çox istifadə olunan maddədir. Tibb sahəsində də geniş istifadə olunur. Hətta xərçəng xəstəliyinin müalicəsində də effektlidir. Kimya mühəndisi olaraq litiumun dəyərini çox yaxşı bilirəm”.
Onun sözlərinə görə, Urmu gölünün qurudulması ilə bağlı ekoloji fəlakət xəbərdarlığı da rejimi siyasətindən çəkindirmir:
“Böyük ekoloji fəlakətlə bağlı dəfələrlə xarici ekspertlər də öz rəylərini verib. Hətta BMT-yə kimi müraciətlərimiz olub. Lakin hamının ekoloji fəlakət kimi qəbul etdiyi bu hadisəni İran rejimi görməzdən gəlir. Bu da əsas verir ki, rejimin bu gölü qəsdən qurutması haqqında ümumi bir fikir formalaşsın. İranın ən quraqlıq bölgələrinə Ərəb körfəzindən milyardlarla vəsait xərcləyib su çəkildiyi halda, Urmu gölü üçün heç bir addım atılmır. Millətin etirazlarının da bir faydası olmadı, əksinə, etiraz edənləri siyasi adla tutaraq həbsə atdılar. İkili siyasət göz önündədir. Məmurlar gölün quruması ilə bağlı əsassız fikirlər səsləndirir, yalan vədlər verirlər. İndi də litium məsələsi ortaya çıxdıqdan sonra xalqın etirazları daha da artıb. Rejim də təzyiqlərini artırır”.
Onun sözlərinə görə, istənilən halda, gölün qəsdən qurudulmasının arxasında Azərbaycanla bağlı məkrli siyasət dayanıb:
“Urmu gölünün qurdulmasından sonra bu bölgədə yaşayan türk əhali köçməyə məcbur qalacaq. Vilayətinin sözləri ilə desək, İran hökuməti anlayır ki, gec-tez Güney Azərbaycan ayrılacaq və ora sərmaya qoymaq lazım deyil. Bunu müxtəlif iranlı ekspertlər də dilə gətiriblər. Azərbaycana qarşı bu səbəbdən düşmənçilik siyasəti yürüdürlər və onların sırasında Urmu gölünün bilərəkdən qurudulması və talanması planı dayanır. Elə 15 milyon Azərbaycan türkünü həmin bölgədən köçürtmək də layihənin bir hissəsidir”.