Urmiya gölünün quruması və ekosistemin dəyişməsindən sonra gölün adalarında yaşayan sarı maralların Kirmana aparılması prosesinə başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Kirman əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Mustafa Niktəb məlumat yayıb.
O bildirib ki, Kirman indiyə kimi bu növün yaşayış yeri olmayıb:
“Bu səbəbdən, əyalətdə sarı maralların yaşayış yerini müəyyən etmək üçün xüsusi araşdırmalar və işlər aparılır. Azərbaycan marallarının Kirmana köçürülməsi Urmiya gölündə baş verən dəyişikliklər, ekoloji problemlə bağlıdır”.
Urmiyanın sarı marallarının Kirmana aparılması barədə açıqlama güneyli sosial media istifadəçiləri tərəfindən narahatlıqla qarşılanıb. Onlar bunun Urmiya gölünün bərpa edilməyəcəyinə dair mesaj olduğunu bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Urmiya gölü hövzəsində, xüsusən Aşk və Kəbudan adalarında nadir maral növlərindən olan sarı maralın sayı minlərlə olub. Son illər ekoloji fəlakətin genişlənməsi, Urmiya gölünün suyunun quruması və ekosistemin dəyişməsi nəticəsində maralların sayı azalaraq 60-a çatıb.