Dünya tam yiyəsiz, başsız qalıb və ya “baş” hesab edilən xarab olub – nəyi bölüşə bilmirik, nədir danışıqlarla həll edə bilmədiyimiz, niyə bir-birimizi qırırıq, nədən Qəzzada uşaqlar ölməlidir, niyə İsraildə ailələr qorxu içində yaşamalıdır, nə səbəbə?! Din məsələsidirsə, hər 3 səmavi dinin fəlsəfəsi birgə yaşayışa imkan və fürsət verir; iqtisadi maraqlardısa, axı müharibələr, “proksilər” bahalıdır, ziyanlıdır, zərərlidir, rentabelli deyil – məsələn, hamı deyirdi ki, ABŞ İraqa neftə görə girib, amma ilk İraq əməliyyatından bu günə ABŞ orda 4 trilyon dollar xərcləyib ki, bunun qarşılığında heç 40 mlrd. dollarlıq neft aparmayıb bu ölkədən. Və ya, Əfqanıstanı girdi, sonra biabır olub çıxdı, 20 ilə 2,5 trilyon dollar xərclədi, nəticədə yenə oranı Talibana təslim etdi.
AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Rusiyanın 17 milyon kv/km-dan çox ərazisi var:
“Uraldan o yana, az qala AB ölkələrinin tamamının ərazisinə bərabər torpaqlarda cəmi 32 milyon vətəndaşı yaşayır, amma yenə torpaq, işğal dərdindədir, Ukraynanı xaraba qoyur, özü 500 min insan itirir, öz soydaşlarını, slavyan soyundan gələnləri qətlə yetirir, şəhərləri, kəndləri dağıdıb işğal edir. Lap tutalım, istədiyi yerləri aldı, işğal etdi, o torpaqların bərpasına, azı, 4-5 trilyon dollar lazım olacaq, lap bərpa da etdi, kim yaşayacaq orda?! Demoqrafiq vəziyyətləri pis, qırılırlar, artmırlar, nə istəyirsiniz o zaman?!
Yəni, insanlar da ölür, iqtisadi qazanc da yox. Nədir dərdiniz?! Nə səbəbə qırırsınız bir-birinizi?! Hansı maraq bu dəhşətləri kompensasiya edə bilər ki?!
Dünyanı qan çanağına döndəriblər, dəhşətdir, təcili sağlam düşüncəyə, rasional siyasətçilərə ehtiyac var, olmaz belə, 21-ci əsrdə yaşamaq hüququ daş dövründəki kimi sual altına düşüb, heçə çevrilib, halbuki, ən vacibi insan haqqı və hüququdur”.