Ünvanlı yardımların əhatə dairəsi genişləndiriləcək

Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

AzerTimes-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə əksini tapıb.

Sənəddə deyilir ki, Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır.


Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün tələb olunan sosial reabilitasiya infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna dəstək proqramları genişləndirilməli, sosial təminatı gücləndirilməlidir. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin olunmalıdır.

Teqlər: