Universitetdə 21 sentyabr – Sülh Günü münasibətilə tədbir keçirilib (FOTO)

Gəncə Dövlət Universitetində 21 sentyabr Beynəlxalq Sülh günü münasibətilə keçirilən videokonfransı giriş sözü ilə başlayan Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirmişdir ki, Beynəlxalq Sülh günü müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün fürsətə çevrilib.

Tədbirdə çıxış edən prorektor Gülsüm Fətəliyeva və professor-müəllim heyəti qeyd ediblər ki, BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh günü kimi qeyd edilir. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib. Ənənəvi olaraq Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. 2007-ci ilin həmin günündə BMT-nin Baş katibi Pan Gi Mun “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir dəqiqəlik sükuta çağırıb. “Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur” deyən Baş katib dünyanı bir daha sülh uğrunda səyləri birləşdirməyə səsləyib.

Bildirilib ki, Azərbaycan xalqı 32 il ərzində ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalından nə zaman azad ediləcəyi və 1 milyondan çox insanın məcburi köçkün həyatına son qoyulacağı təsəllisi ilə yaşayıb. Bu müddət ərzində işğalçılıq siyasətini davam etdirən Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qətnamələrin heç birinə əməl etməyib.

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan 44 günlük Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaratdı. Bu əsaslar Azərbaycan xalqının və onun ən böyük maddi-mənəvi sərvətlərindən olan Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin regionda yaratdığı yeni status-kvonu şərtləndirən amil oldu.

Tədbirin sonunda tələbələr sülh və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Teqlər: