Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında olarkən vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən “Azər-İlmə” MMC-nin direktoru Xəqani Talıbov bildirib ki, Vidadi Muradovla dostluq münasibəti olub.
“Buna görə də kömək etdi, direktor oldum. Vidadi Muradovun oğlu Aydın Muradov da mənim müavinimdir. Hər hansı bir universitet bitirməmişəm, orta təhsilim var. Vidadi müəllimlə dost idik, ona görə də məni direktor təyin etdi. Hazırda da direktor işləyirəm. Möhtərəm hakim, işə xitam verilsin, yığışıb bir çay içərik”, – deyə şahid bildirib.
Daha sonra şahid qismində ifadə verən özəl şirkətlərin birinin icraçı direktoru Yaşar Ələkbərov bildirib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində təmir işləri aparıblar: “Həmin təmir zamanı da 800 min manatdan artıq vəsait xərclənib. 2018-ci ildə “Azərxalça”nın inşaat işlərində iş aparmaq üçün təkliflərimizi verdik. Bununla bağlı tender də keçirilməmişdi.
ASC ilə müqaviləni də mən bağlamışam. Bundan sonra 13 müəssisədə aparılan işlərdə icraçı direktor olmuşam. İstintaq zamanı verdiyim ifadəni də təsdiq edirəm. İş həcmində olan çatışmazlıqlarla da razı deyiləm”, – şahid bildirib.
Məhkəmədə prokuror şahidin ifadəsinə etiraz edərək hazırkı ifadəsi ilə əvvəlki ifadələri arasında ziddiyyətlər olduğunu deyib.
“Deyirsiz, mənimsəmə olmayıb, bu necə olur ki yazmısız ki, Şabranda yerləşən şirkətlərin birinə iki nasos quraşdırılıb amma faktiki olaraq orda nasoslar yoxdur”- dövlət ittihamçısı bildirib.
Bundan sonra ifadə verən müəssisə direktoru istintaq zamanı verdiyi ifadənin əsas götürülməsini xahiş edib. Şahid qeyd edib ki, baş podratçı müqaviləsində göstərilmişdi ki, aparılan işlər sifarişçi ilə razılaşdırılmaqla görülsün.
Dövlət ittihamçısı şahidə sual verərkən ondan istintaq zamanı “Vidadi Muradovun qanunsuz sifarişləri olurdu” ifadəsinə aydınlıq gətirməsini istəyib.
Şahid bildirib ki, bütün işlər baxıldıqdan sonra görülüb, Vidadi Muradov ilə hər hansı pul bölünməsi olmayıb.
Daha sonra ifadə verən digər şahid Vüqar Yusifov bildirib ki, V.Muradov tərəfindən şirkətə əlavə işlər də gördürülüb. Hazırda da 973 min manatlıq iş aparılır.
“Azərxalça” ASC-də baş mühasib işləyən Fuad Eminov da istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib:
“Əvvəlki ifadəmi təsdiq edirəm. Mən satınalma işləri ilə maraqlanmamışam. Hazır sənədlər gəlirdi, məndə hazırlayıb pulu köçürürdüm.
Prosesdə ifadə verən qurumun dizayneri də istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, o, sadəcə yaradıcılıq işləri ilə məşğul olub”, – deyə şahid qeyd edib.
Proses dekabrın 15-də davam etdiriləcək.
Xatırladaq ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.
Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.