Unibankla ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bu gün “Unibank” KB ASC ilə ADA Universiteti arasında Anlaşma
Memorandumu imzalanıb. Sənədin imzalanmasında əsas məqsəd tərəflər
arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və
tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir. Memorandumu
“Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov və ADA Universiteti
Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev imzalayıblar.

Natiq Hacıyev ADA Universitetinin təhsildə rəqəmsal həllərin
tətbiqi üzrə əldə etdiyi təcrübəsinə dair məlumat verib. Natiq
Hacıyev çıxışı zamanı qeyd edib ki, “Unibank” biznes mühitində
innovativliyi ilə seçildiyindən bu gün imzalanan əməkdaşlıq sənədi
hər iki qurumun maraqlarını əks etdirir.

Bank sektorunun gələcək perspektivlərindən bəhs edən Faiq
Hüseynov ADA Universitetinin müasir təhsil, “Unibank”ın isə
innovativ təcrübələr paylaşdığını vurğulayıb, bu baxımdan, hər iki
qurum arasındakı əməkdaşlığın tələbələrin gələcək karyerasında və
Bank əməkdaşlarının peşəkar inkişafında faydalı olacağını
bildirib.

Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və
bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq
istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank
işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti
artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun
inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında
yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq
edəcəklər.

Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində
iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil
ediləcək, Bankın əməkdaşları isə ADA tərəfindən təşkil edilən
İxtisasartırma proqramlarında iştirak edəcəklər.

Anlaşma Memorandumu ADA-nın tələbə və məzunlarını Bankın mövcud
vakant yerləri barədə məlumatlandırmaq üçün Universitetdə “Karyera
günləri” keçirilməsini də nəzərdə tutur. Bununla yanaşı, ikitərəfli
əlaqələrdə davamlılığın təmin edilməsi, həmçinin müvafiq peşə
sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində
tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya
mövzuları Bankın həyata keçirdiyi layihələrin məzmunu ilə
əlaqələndiriləcək.

Teqlər: