UNESCO-nun İcraiyyə Şurasının 214-cü sessiyasında Azərbaycanın milli bəyanatı təqdim olunub

UNESCO İcraiyyə Şurasının 214-cü sessiyası öz işini davam
etdirir.

Trend xəbər verir ki, sessiya çərçivəsində ölkəmizin bu
qurumdakı daimi nümayəndəsi Elman Abdullayev üzv dövlətlərin geniş
dəstəyi ilə UNESCO-nun bu mühüm orqanına – İcraiyyə Şurasına
seçilən Azərbaycan Respublikasının milli bəyanatını təqdim
edib.

E.Abdullayev bildirib ki, İcraiyyə Şurasının bu iclası Ukraynada
və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda
beynəlxalq ictimaiyyət üçün təlatümlü vaxtlarda keçirilir.
Azərbaycan sülh yolu ilə həll istiqamətində səylərin hələ də
mübarizəni dayandıracaq nəticə vermədiyinə görə dərin təəssüf
hissini bildirir. Mülki itkilərin sayının artması xüsusilə
narahatedicidir. Biz bir daha mülki şəxslərin və mülki
infrastrukturun, o cümlədən mədəni irsin və təhsil müəssisələrinin
müdafiəsi üçün beynəlxalq humanitar hüquqa ciddi riayət edilməsinin
zəruriliyini vurğulayırıq.

“Azərbaycan 30 ilə yaxın Ermənistanın silahlı təcavüzünə məruz
qaldı. Bu illər ərzində ağır hərbi, eləcə də insanlığa qarşı
cinayətlər törədildi, silahlı münaqişə zamanı mədəni irsin
qorunmasına dair beynəlxalq hüquq açıq-aşkar kobud şəkildə pozuldu.
Bir vaxtlar zəngin mədəni və təbii irsə malik Azərbaycanın kifayət
qədər çiçəklənən əraziləri yerlə-yeksan edilib. Bütün bu illər
ərzində Ermənistan hökuməti həm 30 il işğal altında saxladığı
ərazilərdə, həm də Ermənistanın özündə Azərbaycanın mədəni irsinin
məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində
sistemli siyasət həyata keçirib. Ermənistan silahlı qüvvələrinin
geri çəkilməsi zamanı XIII əsrə aid Xudavəng monastırının zəngləri,
xaçları, məşhur freskaları və qədim əlyazmaları, eləcə də Azıx
mağaralarından və Şahbulaq qalasında olan qiymətli artefaktlar
qanunsuz olaraq Ermənistana aparılıb”, – deyə E.Abdullayev əlavə
edib.

Diqqətə çatdırılıb ki, Şuşa Xalça Muzeyindən qanunsuz olaraq 160
qiymətli xalça çıxarılıb və onlardan 71-i Ermənistanın paytaxtı
Yerevandakı muzeydə nümayiş etdirilib. Sadalanan bütün bu faktların
hamısı İkinci Protokol Komitəsinə ölkəmizin təqdim etdiyi milli və
könüllü hesabatlarda öz əksini tapır. Ermənistan tərəfindən
işğaldan azad edilmiş Azərbaycan ərazilərində kütləvi şəkildə
basdırılmış mina və digər partlayıcı maddələr həmin ərazilərdəki
mədəni irs üçün ciddi təhlükə yaradır, bərpa işlərinə mane olur,
mülki əhalinin geri qayıtmasını ləngidir. Mina partlayışları
nəticəsində çox sayda mülki şəxs, eləcə də jurnalistlər həlak olub
və yaralanıb.

Daimi nümayəndə Baş Direktora azərbaycanlı jurnalistlərin
ölümünü pisləyən bəyanatına görə təşəkkürü edərək, 2021-ci il
iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı
jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov mina partlaması
nəticəsində həlak olduqlarını bir daha xatırladıb.

Qeyd edib ki, silahlı münaqişə başa çatdıqdan sonra Azərbaycan
münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya
mərhələsinə qədəm qoyub. Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə
mənşəyindən asılı olmayaraq bütün mədəniyyət və dini abidələrin
lazımi qaydada qoruyub saxlamaq, restavrasiya etmək və istifadəyə
vermək əzmindədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə
davam edən genişmiqyaslı reabilitasiya və yenidənqurma səyləri ilə
bağlı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq
ixtisaslaşmış qurumları və təsisatları ilə əməkdaşlığı davam
etdirir. Bu istiqamətdə UNESCO-nun töhfəsini də səbirsizliklə
gözləyir və təşkilatın BMT-nin digər aidiyyəti qurumları və
təsisatlarından nümunə götürəcəyinə inanırıq.

“Azərbaycan hökuməti ölkədəki mədəni sərvətlərin vəziyyətini
qiymətləndirmək üçün UNESCO tərəfindən müstəqil və qərəzsiz texniki
missiyaya ev sahibliyi etməkdə maraqlıdır. Ölkəmiz heç bir gecikmə
olmadan bu istiqamətdə işi davam etməyə hazırdır və ümid edir ki,
hər hansı əlavə şərtlərə görə bundan sonra heç bir maneə olmayacaq.
Bu kontekstdə Azərbaycanın yeddi ay əvvəl – 2021-ci il avqustun
19-da təqdim etdiyi təkliflərə təşkilatın reaksiyasını
sürətləndirməsi zəruridir”, – deyə daimi nümayəndə bildirib.

Vurğulayıb ki, UNESCO-nun belə bir missiyası ona ev sahibliyi
edən üzv dövlət kimi Azərbaycanın suverenliyinə və ərazi
bütövlüyünə tam uyğun olaraq həyata keçirilməlidir. UNESCO-nun
missiyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə
göndərməklə yanaşı, təşkilatın Ermənistan ərazisindəki Azərbaycan
mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi ilə məşğul olması da
təcili zərurətdir. Vətəndaş cəmiyyəti, QHT nümayəndələri və
müxtəlif təşkilatlar bu geniş miqyaslı dağıntının sənədləşdirilməsi
üçün UNESCO-dan Ermənistana missiya göndərməyi xahiş ediblər.

“Bu sessiyanın gündəliyi ağırdır və mühüm məsələlərdən
ibarətdir. Azərbaycan sessiyanın işinə səmərəli töhfə verməyə
hazırdır. Qürurla qoşulduğumuz Qlobal Təhsil Koalisiyası vasitəsilə
ölkələrə dəstək və kömək etməklə UNESCO-nun Dayanıqlı İnkişaf
Məqsədlərində liderlik rolunu gücləndirdiyini yüksək
qiymətləndiririk. Ölkəmiz Qlobal Təhsil Koalisiyası çərçivəsində
“Gender Flaqmanı”, xüsusən də “Qızları Şəkildə Saxlamaq”
kampaniyası vasitəsilə pandemiya şəraitində gender bərabərliyinə
göstərilən xüsusi diqqəti alqışlayır. Həmçinin UNESCO-nun
Mədəniyyət və İncəsənət Təhsili üzrə yenidən işlənmiş çərçivəsinə
doğru prosesi dəstəkləyir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olunmasını sürətləndirməyə kömək etmək üçün nəzərdə tutulmuş
sektorlararası təşəbbüsü yüksək qiymətləndiririk.

Azərbaycanın Afrika ölkələri ilə uzunmüddətli tərəfdaşlığından
hər kəs xəbərdardır. Bu istiqamətdə də ölkəmiz UNESCO-nun Qlobal
Afrika Prioritetini dəstəkləyir və inkişaf etməkdə olan Kiçik Ada
Dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirməyə çağırır”, –
deyə E. Abdulayev bildirib.

Əsas qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi ümumdünya
irs obyektləri üçün təhlükə yaratmaqda davam etdiyini bildirən
natiq deyib: “Azərbaycan işçi qrupunun ilk iclasında böyük maraqla
iştirak edib və işçi qrupun iclasının keçirilməsi üçün Ümumdünya
İrs Mərkəzinə maliyyə yardımı edib. Azərbaycan UNESCO-nun
mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüsləri,
xüsusən 2018-ci ildə fəaliyyətə başlamış UNESCO-nun
Mədəniyyətlərarası Dialoq üzrə elektron Platformasını fəal
dəstəkləyir. Platforma Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə
hazırlanıb. Azərbaycan gənclərin qərarların qəbulu prosesində
iştirakını və fəal rolunu dəstəkləyir. Bu baxımdan COVID-19-dan
sonrakı dövr üçün Fəaliyyət Planının hazırlanmasına həsr olunmuş
UNESCO 12-ci Gənclər Forumunu alqışlayırıq”.

Qeyd edib ki, Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə artan
əhəmiyyətini nəzərə alaraq, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına
üzv olduğu müddətdə Qoşulmama Hərəkatının üzv dövlətlərinin bu Şura
çərçivəsində mövcud koordinasiya mexanizmini gücləndirməyə
çalışacaq. Bu ilin iyununda Azərbaycanın UNESCO-ya üzv olmasının 30
illiyini qeyd edəcəyik. Bu qısa müddət ərzində Azərbaycan ikinci
dəfə UNESCO-nun İcraiyyə Şurasının üzvü olmaqdan şərəf duyur.
UNESCO-nun məsul üzvü kimi Azərbaycan dünyanın müxtəlif yerlərində
təşkilatın nəcib missiyasını dəstəkləməyə sadiqdir, dəyərlərimizin
və prinsiplərimizin təbliğində onun güclü tərəfdaşı olmağa davam
edəcəkdir.

Teqlər: