UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda UNEC İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının hazırlıq işləri barədə çıxış edib. UNEC-də payız semestrinin 2-ci modul imtahanlarının bakalavr və magistratura pilləsi üzrə 1-8 fevral tarixlərində keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Sessiya imtahanları zamanı bakalavriat və magistratura səviyyələri üzrə əyanidə aralıq qiymətləndirmənin 80 bal, qiyabidə isə 100 bal üzərindən həyata keçiriləcəyini deyib. İmtahanların distant formada, proktorinq tətbiq edilməklə test üsulunda keçiriləcəyini deyən mərkəz direktoru, fakültələr üzrə müəyyən edilən yeni proktorlar üçün təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Tələbələrə imtahanlarda güzəştlərin edilməsi məqsədilə təklif olunub ki, II modul ərzində fənni dinləmədən təkrar imtahan verən bakalavr və magistrlər 25 faiz ödənişdən azad edilsinlər. Təklif şura üzvləri tərəfindən qəbul edilib.


Elmi Şurada “UNEC Professoru” vəzifəsinin təsis edilməsi təklif olunub. Rektorun müşaviri, dosent Elşən Bağırzadə “UNEC Professoru” vəzifəsinin tutulması haqqında qaydalarla şura üzvlərini tanış edib. Bildirib ki, “UNEC Professoru” vəzifəsini öz sahəsində beynəlxalq səviyyədə tanınan, müasir standartlara uyğun elmi tədqiqatlar aparan və tədqiqat sahəsi üzrə yüksək keyfiyyətli tədris həyata keçirən əməkdaşlar müsabiqə əsasında tuta biləcəklər. Həmin vəzifəyə seçkilər UNEC Elmi Şurası tərəfindən rektorun müvafiq əmri ilə yaradılan müvafiq komissiyanın tövsiyəsi əsasında keçiriləcək. “UNEC Professoru” statusuna sahib olanlar bu ali təhsil müəssisəsində professor vəzifəsini tutan digər professorlarla bərabər hüquqa və səlahiyyətlərə malik olacaqlar və həmin status əməkdaşın UNEC-də çalışdığı müddətdə keçərli olacaq. Qaydalar oxunduqdan sonra müzakirəyə çıxarılaraq, şura üzvləri tərəfindən təsdiqlənib.

Sonra UNEC Elmi katibi Ərəbiyyə Mustafayeva cari məsələləri səsləndirib. Beynəlxalq Ekspertlər Şurasının Əsasnaməsi şura üzvləri tərəfindən təsdiqlənib. Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin adı dəyişdirilərək, Qiyabı və Əlavə Təhsil Mərkəzi adlandırılıb. UNEC Hazırlıq şöbəsi ləğv olunaraq, onun bazasında Hazırlıq Fakültəsi yaradılıb.

Teqlər: