UNEC ilə “Xəzər Media Mərkəzi” arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Xəzər Media
Mərkəzi” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi
keçirilib.

Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, “Xəzər Media
Mərkəzi”nin baş direktoru Murad Dadaşov, eləcə də universitetin və
Xəzər Media Mərkəzinin əməkdaşları iştirak ediblər.

Rektor professor Ədalət Muradov tələbələrin praktiki bilik və
bacarıqlarının artırılması məqsədilə UNEC-in real sektorla
əlaqələrinin genişləndirilməsinin, eləcə də təhsil sektorunda bazar
münasibətlərinin formalaşdırılmasının vacibliyindən danışıb.
UNEC-də MBA proqramı üzrə “Sosial media marketinqi” sahəsində
peşəkar mütəxəssis hazırlığı həyata keçirildiyini diqqətə çatdıran
rektor, tələbələrin sosial medianın marketinq analitikası, sosial
media ekosistemi, media kommunikasiyası və planlaması, korporativ
idarəetmə və s. üzrə bilik və bacarıqlara yiyələndiklərini
bildirib. Onların medianın fəaliyyətinə və işin müasir səviyyədə
qurulmasına töhfələr verə biləcəklərindən əminliyini ifadə edib.
Professor Ədalət Muradov “Xəzər Media Mərkəzi” ilə əməkdaşlığın hər
iki tərəf üçün uğurlu olacağını, ali təhsildə həyata keçirilən
yeniliklərin ictimaiyyətə çatdırılması və cəmiyyətin ölkə ali
təhsilinə inamının artırılması baxımından faydalı olacağını deyib.
Menecment, mühasibatlıq, informasiya texnologiyaları, dizayn,
marketinq və digər müvafiq sahələrdə UNEC-in təhsilalanlarının
bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə
bağlı birgə layihələrin icrası, onların müvafiq sahələr üzrə
istehsalat təcrübələrinin təşkil edilməsi, UNEC məzunlarının işlə
təmin edilməsi, “Xəzər TV”-nin əməkdaşlarının ixtisasının
artırılması və “XƏZƏR TV”-yə ekspert dəstəyi kimi tədbirlər nəzərdə
tutulmuşdur.

“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov UNEC-də
müxtəlif istiqamətli ixtisaslar üzrə hazırlanan peşəkar
mütəxəssislərin “Xəzər Media Mərkəzi”nin fəaliyyətinə cəlb
olunmasının önəmini vurğulayıb. Əlavə edib ki, UNEC-lə əməkdaşlıq
rəhbərlik etdiyi kollektiv üçün yenilik olmaqla yanaşı, maraqlı
təcrübə olacaq: “Düşünürük ki, belə əməkdaşlıqlar çox faydalıdır. “Xəzər Media Mərkəzi” olaraq, biz tələbələrin praktik biliklərinin
artırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirik və bugünkü
imzalanma mərasimi də buna əyani sübutdur. Azərbaycanın ali təhsil
ocaqları ilə bu prosesin silsilə olmasını arzu edir, Azərbaycan
gənclərinin inkişafına yönələn savadlı, istedadlı gənclərimizin
işlə təminatına xidmət edəcək faydalı əməkdaşlıqda rol almaqdan
məmnuniyyət duyuruq”.

Sonra UNEC rektoru, professor Ədalət Muradov və “Xəzər Media
Mərkəzi”nin baş direktoru Murad Dadaşov əməkdaşlıq haqqında
memorandumunu imzalayıblar. Sənədə əsasən, UNEC tələbələrinin
menecment, mühasibatlıq, informasiya texnologiyaları, dizayn,
marketinq və digər sahələrdə bilik və bacarıqlarının davamlı
inkişafının təmin edilməsi ilə bağlı birgə layihələrin icrası,
istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi,
“Xəzər TV”nin əməkdaşlarının ixtisasının artırılması, ekspert
dəstəyi, eləcə də yay təcrübə proqramlarının keçirilməsi, media
sahəsində yeni layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində
hazırlanması və yayımlanması, media sahəsində innovasiya
fəaliyyətinin birgə həyata keçirilməsi, birgə tədqiqatların
aparılması, konfransların, təlimlərin və seminarların təşkil
edilməsi və s. nəzərdə tutulur.

Teqlər: