UNEC-də Zəfər Gününə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)

UNEC-də Vətən müharibəsinin ildönümünə və Zəfər Gününə həsr olunan beynəlxalq seminar keçirilib.

Tədbir iştirakçıları öncə II Fəxri Xiyabanda şəhidlərin məzarını, sonra isə UNEC-də şəhidlərin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunub.

Beynəlxalq tədbirdə çıxış edən UNEC rektoru professor Ədalət Muradov iştirakçıları şanlı qələbə münasibətilə təbrik edərək, Zəfər Gününü Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırıb. Bu zəfərin ulu öndər Heydər Əliyev strategiyasının, onun layiqli davamçısı Ali Baş komandan cənab İlham Əliyevin uğurlu strategiyasının, qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının Zəfəri olduğunu deyib. Rektor hərbi zəfərin ölkənin bütün sahələrinə transformasiyasını qarşıda duran ən mühüm vəzifələrdən biri adlandırıb.

Sonra sabiq korpus komandiri polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açıb. Müasir texnika və silahlarla təchiz olunmuş ordunun Aprel döyüşlərindən, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl, Şuşa uğrunda gedən azadlıq mübarizəsindən danışıb. O, Ali Baş Komandan İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözlərinin tam mənası ilə əmələ çevrildiyini diqqətə çatdırıb.

Vətən müharibəsində qazı olan UNEC-in tələbəsi Qaryağdı Adıgözəlov da tədbirdə çıxış edərək, döyüş yoluna qısa nəzər salıb, Zəfər Günü xəbərini almasının sevincini iştirakçılarla bölüşüb.

Tədbirə onlayn qoşulan Türkiyənin Bursa Uludağ Universitetinin professoru Fərhat Pirinççi 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb, bu savaşda tətbiq olunan hərbi strategiyanın dünya hərb tarixində örnək olduğunu diqqətə çatdırıb. Ermənistanın təcavüzkar siyasətinə qarşı Azərbaycanın hər zaman sülh tərəfdarı kimi çıxış etdiyini deyən professor, ölkəmizin Vətən müharibəsində yalnız hərb meydanında deyil, həm də informasiya savaşında beynəlxalq aləmdə qələbə qazandığını bildirib. O, Füzuli hava limanının qısa zamanda açılmasını dünya tarixində bənzəri olmayan inkişaf adlandırıb.

Beynəlxalq seminarda Türkiyə, Almaniya, Ukrayna, Portuqaliya, Qazaxstan və digər ölkələrdən xarici qonaqlar onlayn formatda iştirak ediblər.

Çıxışlardan sonra tədbir UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə bədii proqramla davam edib.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin, eləcə də dizayn ixtisası üzrə təhsil alan magistrlərin Zəfər Gününə həsr olunan rəsm əsərləri nümayiş olunub.

Tədbir UNEC-in rəsmi Facebook səhifəsində canlı yayımlanıb.

Teqlər: