UNEC-də yeni prorektor vəzifəsi təsis olunub

UNEC-də Rəqəmsallaşdırma üzrə prorektor vəzifəsi təsis olunub.

Universitetdən AzerTimes-a verilən məlumata görə,UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

Şurada Tədris və təlim texnologiyaları üzrə prorektor dosent Anar Rzayev IV modul üzrə imtahanların hazırlıq vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, UNEC-də və Zaqatala filialında əyani təhsilalma forması üzrə yaz semestrinin imtahan sessiyasının keçirilmə müddəti 17 iyun-03 iyul tarixinədək müəyyən edilib. Əyani təhsilalma forması üzrə bütün fənlərdən test üsulu ilə keçiriləcək imtahanların cədvəli, eləcə də məxfi testlərlə keçirilməsi nəzərdə tutulmayan fənlər üzrə yenilənmiş test sualları tələbələrin şəxsi kabinetlərinə göndərilib. IV modul imtahanları (qabiliyyət fənləri istisna olmaqla) distant formada, proktorinq tətbiq edilməklə test üsulunda keçiriləcək. Bakalavriat səviyyəsində əyani və qiyabi təhsilalan tələbələrin istehsalat təcrübə nəticəsi də daxil olmaqla hesablanmış ÜOMG-si, onların Yekun Dövlət Attestasiyası imtahanının və ya buraxılış işinin müdafiəsinin qiyməti kimi qəbul ediləcək. ÜOMG-nin nəticəsi ilə razı olmayan tələbələrin ərizələri əsasında onlar üçün YDA və ya buraxılış işinin müdafiələri təşkil ediləcək.

Sessiya dövründə tələbələrə imtahanqabağı məsləhət saatları da təşkil olunacaq. Tələbələrin müraciətlərinin operativ şəkildə araşdırılması və cavablandırılması məqsədilə virtual imtahan qərargahı fəaliyyət göstərəcək. Rektorun və UNEC İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə hər həftə “Açıq qapı” günləri keçiriləcək.

Şurada UNEC Fasiləsiz Təhsil Mərkəzinin əsasnaməsi də təsdiqlənib. Bildirilib ki, FTM dinləyiciləri orta ümumtəhsil məktəblərinin buraxılış, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsinə qəbul imtahanlarına, eləcə də dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara hazırlayacaq. Müxtəlif peşə hazırlığı kursları, korporativ təhsil proqramları, o cümlədən mini ixtisas, yaşlılar üçün müxtəlif təhsil proqramları və s. təşkil edəcək.

Daha bir yenilik isə UNEC-də Rəqəmsallaşdırma üzrə prorektor vəzifəsinin yaradılması barədə olub. Yeni qərar şura üzvləri tərəfindən təsdiq edilib.


Sonra iqtisadi məsələlər üzrə prorektor dosent Mikayıl Zeynalov 2020-ci ildə UNEC-in maliyyə təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla çıxış edib. Qeyd olunub ki, hesabat dövründə, əmək haqlarının vaxtlı-vaxtında ödənilməsi təmin edilib, əməkdaşlara və təhsilalanlara müraciətləri əsasında birdəfəlik maddi yardımlar verilib, bayram münasibətilə əməkdaşlara pul mükafatları təqdim olunub. UNEC-də tədrisin təşkilində səmərəliliyi daha da artırmaq məqsədilə maddi-texniki baza gücləndirilib, proqram təminatı daha da təkmilləşdirilib, o cümlədən kitabxanaya yeni kitablar alınaraq fondu zənginləşdirilib. 2019-cu ildən inşaasına başlanılan UNEC-in 3-cü tədris binasının tikintisi və həmin ərazidə abadlıq işləri başa çatdırılaraq istifadəyə verilib. Hesabat dinlədildikdən sonra elmi şura üzvləri tərəfindən qəbul edilib.

Şuranın qərarı ilə Elmi fəaliyyətin təşkili və idarəolunması departamentinin əsasnaməsinə də əlavələr və dəyişiklik edilib.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.

Teqlər: