UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib (FOTO)

Sentyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı keçirilib.

Tədbirin açılışından öncə konfrans iştirakçıları ümummilli lider Heydəri Əliyevin məzarını ziyarət edərək, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə əklil və gül dəstələri düzüblər.

UNEC-in ev sahibliyi ilə keçirilən beynəlxalq konfransda Türkiyənin elm və təhsil sahəsi üzrə bir sıra rəsmiləri, Türk dövlətlərinin aparıcı universitetlərinin rektorları və nüfuzlu alimləri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən UNEC rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Rektor sosial elmlərin öyrənilməsinin əhəmiyyətinə diqqət çəkərək, konfransda bu istiqamətdə geniş müzakirələrin aparılacağından və faydalı nəticələrin ortaya qoyulacağından əminliyini ifadə edib. Bu ilin post-sovet məkanında yerləşən Türk Respublikalarının dövlət müstəqilliklərinin bərpasının 30-cu ildönümünə təsadüf etdiyini deyən rektor, həmin ölkələrin müstəqilliyinin qorunub saxlanılması, iqtisadi inkişafı və qarşılıqlı inteqrasiyası baxımından konfransda aparılacaq müzakirələrin əhəmiyyətli olacağını deyib.

Rektor Qarabağ zəfərinin Türk Dünyası üçün yaratdığı yeni iqtisadi perspektivlərdən də söz açıb. Türk Dünyasında ali təhsil əlaqələrinin inkişafının daim diqqət mərkəzində saxlanmalı olduğunu, təhsildə rəqəmsallaşmanın artmasının post-COVİD dövründə bu əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

Konfransda çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazgan konfransın Türk dünyasının aydın və çağdaş gələcəyinə vəsilə olacağından əminliyini bildirib. Dünyada elm və texnologiyalar sahəsində durmadan strateji dəyişikliklər müşahidə edildiyini diqqətə çatdıran TDAV sədri, Türk Dünyası ölkələrinin texnoloji və elmi inkişaf baxımından birgə əməkdaşlıqlarının vacibliyini vurğulayıb, konfransda əldə ediləcək nəticələrin bu baxımdan faydalı olacağını deyib.

Türkiyə səfirliyinin müşaviri Barış Sayqın Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi, sosial elmlər sahəsində də uğurlu əməkdaşlığın aparıldığını, özəlliklə hər iki xalqın birlik və bərabərliyinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımların atıldığını deyib. B.Sayqın konfransın elm və təhsil sahəsində əməkdaşlıqla bağlı yeni imkanların açılmasında mühüm rol oynayacağını bildirib.

Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin sədri, professor Halis Aygün konfransın Türk Dünyasını 19 ildir bir araya gətirməklə bərabər, Türk elm adamlarının da iş birliyinə böyük imkanlar yaratdığını vurğulayıb. Türk Dünyasında təhsil sahəsindəki əməkdaşlığın səmərəliliyinin artırılmasının əsas hədəflərdən olduğunu deyən prof.Halis Aygün bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb.

Türkiyə-Qırğızıstan Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan konfransın Anım Gününə təsadüf etdiyini diqqətə çatdıraraq, şəhidlərə rəhmət diləyib, Qarabağ Zəfərinin bütün Türk Dünyasının zəfəri olduğunu deyib. Rektor iştirakçılara Manas Universitetinin reallaşdırdığı Türk Dünyasının rəqəmsal vətəndaşlıq layihəsi barədə də məlumat verib.

Sonra Qazaxıstanın Miras Universitetinin rektoru, professor Bolat Mirzaliyev çıxış edərək, konfransın milli türk fəlsəfəsinin ortaya qoyulmasında və gələcək nəsillərə ötürülməsində önəmli rol oynadığını, bu istiqamətdə aktual məsələlərin müzakirəsi üçün vacib platforma olduğunu deyib.

Türkiyə Strateji Analizlər Mərkəzinin direktoru professor Sinan Oğan UNEC-də şəhidlər üçün ucaldılan Memorial Xatirə Kompleksinin açılışından duyğulandığını, Qarabağ zəfərinin Azərbaycanın ərazi bütövlüyünü əldə etməsi ilə yanaşı, Türk Dünyasının birləşməsinə də vəsilə olduğunu deyib. Qarabağın yenidən bərpası istiqamətində ən önəmli yerlərdən birinin məhz təhsil olduğunu bildirən prof. Sinan Oğan Türk Dünyası ilə ortaq universitetlərin qurulmasının əhəmiyyətindən danışıb, konfransın bu baxımdan faydalı olacağını qeyd edib.

Sonra Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca “Qarabağ zəfərinin Türk Dünyası ölkələrinə iqtisadi təsirləri” mövzusunda çıxış edib.

Beynəlxalq konfrans plenar çıxışlarla davam edib.

Sentyabrın 28-də xarici qonaqlar konfrans çərçivəsində Ağdama səfər edəcəklər.

Teqlər: