UNEC-də təşkilatlarının rəhbərləri ilə görüş keçirilib (FOTO)

UNEC-də tələbə təşkilatlarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə rektor, professor Ədalət Muradovla yanaşı, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az və Azedu.az saytlarının təsisçisi və rəhbəri Elşad Eyvazlı, “Azərbaycan Universitetləri” səhifəsinin admini Zöhrab Süleymanov, Azpolitika.az saytının jurnalisti İsmayıl İsmayılov iştirak edib.

Professor Ədalət Muradov tələbələrin IV modulda imtahanların təşkili ilə bağlı rektorun rəsmi emalinə və facebook səhifəsinə ünvanladıqları, eləcə də tələbə rektor Cavidan Adilzadə, THİK sədri Rüfət Süleymanlı, TGT sədri Əli Əliyev, “UNEC Könüllüləri” Təşkilatının sədri Orxan Vəliyev, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəylinin səsləndirdikləri müraciətləri və sualları çavablandırıb.

Rektor ənənəvi imtahanlarda olduğu kimi, tələbələrə qeyri-ixtisas və riyazi fənlərin test suallarının veriləcəyini, ixtisas fənlərinin suallarının isə məxfi saxlanılacağını deyib. Bildirib ki, təkrar imtahanlara görə ödənişlər olmayacaq. İmtahandan əvvəl tələbələrə məsləhət saatları təşkil olunacaq, imtahanlararası müddətin, eləcə də riyazi-statistik imtahanların vaxtının artırılması məsələsinə baxılacaq. İmtahan sualları yalnız sillabuslardakı mövzuları əhatə edəcək, sillabusdan kənar mövzu üzrə sual olarsa apellyasiya qərarı maksimum balla tələbənin xeyrinə həll olacaq.

Millət vəkili, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev universitetdə mərhələli şəkildə aparılan islahatları daima müşahidə etdiyini, imtahanlarda şəffaflıq və obyektivliyin təmin olunmasına dəstək məqsədilə şura tərəfindən mütəmadi olaraq anonim sorğuların keçirildiyini, rektorun iştirakı olmadan “Açıq qapı” günlərinin təşkil edildiyini bildirib. O, tələbələrin müraciətlərinə hər zaman diqqətlə yanaşıldığını, yaranan problemlərin araşdırılaraq operativ həll edildiyini diqqətə çatdırıb. Millət vəkili tələbələrə öz ixtisasları üzrə yüksək bilik və bacarıqlara sahib mütəxəssis kimi yetişməyin vacib olduğunu vurğulayıb.

Teqlər: