“Başa çatmaq üzrə olan tədris ilində UNEC-də edilmiş dəyişikliklərdən biri tədrisin modul əsasında təşkilinə keçid olmuşdur. Hazırda bu yeniliyin təsirləri təhlil edilir. Bu məqsədlə müəllimlər və tələbələr arasında modul sisteminin tətbiqi ilə bağlı sorğu keçirilmişdir. Sorğuda 409 müəllim, 2721 tələbə iştirak etmişdir”.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi Facebook səhifəsində paylaşım edib. Rektor 2020/2021-ci tədris ilində UNEC-də tətbiq olunan modul sistemi ilə bağlı müəllim və tələbələr arasında keçirilən soruğunun nəticələrini açıqlayıb.
“Sorğuda iştirak edən müəllimlərin 47,1 faizi modul sisteminə keçidi dəstəkləmiş, 43,1 faizi isə məqsədəuyğun hesab etməmişdir. Eləcə də, müəllimlərin 42,3 faizi modul sisteminin perspektivinin cəlbedici olduğunu, 40,7 faizi isə əksini bildirmişdir. 38 faiz müəllim modul sisteminin yorucu, 27 faizi çox rahat olduğunu göstərmiş, bütövlükdə, müəllimlərin 87 faizi modul sistemi əsasında tədrisi bacardıqlarını vurğulamışdır. Modul sisteminin əsas çatışmazlığı kimi müəllimlərin 44 faizi dərs yükünün bölünməsində disbalansı, 30 faizi isə tədris materiallarının tələbələr tərəfindən zəif mənimsənilməsini bildirmişdir.
Tələbələrin isə 61,2 faizi modul sistemindən razı, 38,8 faizi isə narazı qaldığını, 64 faizi modullarda fənlərin ardıcıllığından məmnun olduğunu, 34,3 faizi məmnun olmadığını göstərmişdir. Modul sisteminin əsas üstünlüyü kimi 66,2 faiz tələbə hər modulda fənlərin sayının az olmanı, əsas çatışmazlığı kimi 70 faizi imtahanlara hazırlaşmaq üçün az vaxtın olmasını, 12,6 faizi isə mühazirə mətnlərinin həcminin böyük olmasını qeyd etmişdir.
Təhlillər davam edir. Təhlillərin nəticələrinə uyğun olaraq modul sisteminin zəif tərəfləri aradan qaldırılmaqla təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılacaq”.