UNEC-də elmi hesabat: nəticələr və gözləntilər (FOTO)

UNEC-in 2021-ci il üzrə elmi fəaliyyətinin yekunları müzakirəyə
çıxarılıb.

Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, prorektorlar,
struktur rəhbərləri, dekanlar, kafedra müdirləri, tədqiqat
mərkəzlərinin rəhbərləri və digər əməkdaşlar iştirak ediblər.

Elm üzrə prorektor professor Sakit Yaqubov tədbirdə 2021-ci il
üzrə UNEC-in elmi fəaliyyəti barədə hesabatla çıxış edib. Hesabatda
UNEC əməkdaşlarının nəşr olunmuş elmi və metodiki işlərinin sayı,
Web of Science və Scopus bazalarındakı metrik göstəricilər, elmi
məqalə və istinad sayı, qrant layihələri, tədqiqat mərkəzlərinin və
İAETİ-nin fəaliyyəti, doktoranturaya qəbulun nəticələri, elmi
jurnallar, Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi
Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 1975-2022-ci illərdə UNEC-in Web of Scıence-də
çap olunmuş ümumi məqalələrinin 83 faizi, məqalələrə ümumi
istinadların 81 faizi, eləcə də 1997-2021-ci illərdə Scopus
bazasında indeksləşən bütün məqalələrin 91 faizi, UNEC məqalələrinə
ümumi istinadların 91 faizi son 7 ilin (2015-2021-ci illər) payına
düşür.

UNEC rektoru professor Ədalət Muradov universitetdə elmi
fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində görülən
işlərin UNEC-100 İnkişaf strategiyasının hədəflərinə uyğun
aparıldığını və müsbət nəticələr verdiyini bildirib. UNEC-də
akademik potensialın kifayət qədər olduğunu diqqətə çatdıran
rektor, dünyanın 500 ən yaxşı universiteti sırasında olmaq
istiqamətində səylərin daha da artırılacağını vurğulayıb.

Çıxışlardan sonra elmi fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı
əməkdaşların təklifləri səsləndirilib.

Teqlər: