UNEC-də Elm festivalına start verildi: 33 tədbir keçiriləcək (FOTO)

UNEC-də Elm festivalına start verilib.

27 mart – Elm Gününə həsr edilmiş Elm festivalı 1-28 mart
tarixinədək davam edəcək. Festival çərçivəsində konfrans, kitab
sərgisi, dəyirmi masalar, elmi-praktiki seminarlar, açıq
elmi-populyar mühazirələr, debatlar, master klasslar, Nobel
mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırmalar,
treninqlər olmaqla 33 tədbir keçiriləcək.

Elm festivalının açılışında UNEC-in rektoru professor Ədalət
Muradov və AMEA-nın müxbir üzvü, “Zadə irsi və süni intellekt”
Assosiasiyasının prezidenti, tanınmış ziyalı, professor Rafiq
Əliyev iştirak ediblər.

UNEC rektoru professor Ədalət Muradov Elm Festivalının
keçirilməsinin əsas məqsədinin elmin populyarlaşması olduğunu
bildirib. Rektor UNEC-də elmin inkişafı istiqamətində həyata
keçirilən tədbirlərdən və yeni hədəflərdən söz açıb. “UNEC
Professoru”, “Gənc professorlar” layihəsi, “tədqiqatçı-müəllim”
statusundan bəhs edən rektor, UNEC-in dünya səviyyəli universitet
sırasına çıxmaq sahəsində böyük potensialının olduğunu, bu
potensialın üzə çıxarılması üçün zəruri addımların davam
etdiriləcəyini deyib.

Rektor elmin dəyərindən də söz açıb: “Prosesləri dəyişə
bilməyən, cəmiyyətin davranışına təsir edə bilməyən elm gücsüzdür.
Universitetlər elmin populyaşdırılması istiqamətində maarifləndirmə
mərkəzi missiyasını öz üzərinə götürməlidir. Elmin nəticələri
haqqında ictimaiyyət məlumatlandırılmalıdır”.

Tədbirin fəxri qonağı, tanınmış ziyalı, professor Rafiq Əliyev
elmin populyarlaşmasının, gənc nəslə ötürülməsinin, elmə gənclərin
daha çox cəlb olunmasının vacibliyindən danışıb. Professor elmin
bəşəriyyətin inkişafındakı rolundan, eləcə də bəşəriyyətə vura
biləcəyi zərərlərindən bəhs edərək, elmi əxlaqın vacibliyini önə
çəkib.

Böyük maraqla dinlənilən çıxışlardan sonra professor Rafiq
Əliyev sualları cavablandırıb.

Tədbir “Elm və sosial – iqtisadi inkişaf: Yeni cağırışlar, imkan
və perspektivlər” mövzusunda plenar iclası ilə davam edib.

Plenarda Elm üzrə prorektor professor Sakit Yaqubov “Elm,
texniki tərəqqi və iqtisadiyyat”, tədris üzrə prorektor dos. Gəray
Musayev “Elm və təhsilin vəhdəti”, beynəlxalq əlaqələr və
proqramlar üzrə prorektor Neman Muradlı “Universitetlərdə
beynəlxalq elmi əməkdaşlıq: imkanlar və perspektivlər”, Elmi
fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru
professor Zahid Məmmədov “Müasir universitetlərdə elmi fəaliyyət:
yeni cağırışlar və mürəkkəb vəzifələr” mövzularında çıxış
ediblər.

Elm festivalının açılışı UNEC-in rəsmi facebook
səhifəsində canlı yayımlanıb.

Teqlər: