UNEC-də “Azərbaycan iqtisadiyyatı” kitabının təqdimatı olub (FOTO)

UNEC-in rektoru professor Ədalət Muradov və rektorun müşaviri dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” (infoqrafik) kitabının təqdimatı keçirilib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan kitabın təqdimatında millət vəkilləri, ölkənin tanınmış iqtisadçı alimləri iştirak ediblər.

UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Azərbaycan iqtisadiyyatı” kitabında ölkə iqtisadiyyatının tarixi inkişaf mərhələləri, struktur dəyişiklikləri, islahatları, perspektivləri və bütövlükdə inkişafının başlıca xüsusiyyətlərini əks etdirən məlumatların infoqrafik formada oxuculara çatdırıldığını deyib. Kitabdan ölkə iqtisadiyyatı ilə maraqlanan hər kəsin, eləcə də “Azərbaycan iqtisadiyyatı” fənninin tədrisi zamanı tələbə və müəllimlərin faydalana biləcəyini vurğulayıb.

Rektor, professor Ədalət Muradov dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan və ölkə iqtisadiyyatının inkişaf mərhələlərindən bəhs edən kitabın ərsəyə gəlməsi zəruriyyətindən danışıb. Kitabın nəşrində informasiyanın çatdırılmasında dünyada yeni yanaşma olan infoqrafik üslubun əsas götürüldüyünü deyən rektor, burada Dövlət Statistika Komitəsinin məlumat bazası ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə edildiyini diqqətə çatdırıb. 18 fəsildən ibarət olan kitabda çar Rusiyası dövründəki Azərbaycan iqtisadiyyatının, cümhuriyyət illərində milli iqtisadiyyat yolunda atılan ilk addımların, sovet Azərbaycanı dövründə sosialist iqtisadiyyatının əsas istiqamətlərinin göstərildiyini, eləcə də müstəqil Azərbaycanın bazar iqtisadiyyatının formalaşması istiqamətində həyata keçirilmiş tədbirlər və onların nəticələrinin şərh olunduğunu deyib. Bildirib ki, kitabda ölkənin iqtisadi inkişafı ilə bağlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə dair məlumatlar da əks olunub, həmçinin ölkənin iqtisadi resursları, makroiqtisadi struktur və digər məlumatlar verilib.

Dosent Elşən Bağırzadə kitabda beynəlxalq müqayisələrin aparıldığını xüsusi vurğulayaraq, oxucuların burada MDB məkanı, türk dünyası, postsosialist məkanı və inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin son 30 ildəki iqtisadi inkişaf trendini Azərbaycanla müqayisəli şəkildə görə biləcəyini deyib.

Milli Məclisin Komitə sədri Tahir Mirkişili ölkə iqtisadiyyatının inkişaf mərhələlərinin dolğun şəkildə və infoqrafik üslubda əks olunduğu kitabı oxucular üçün zəngin töhfə adlandırıb. Millət vəkili gənc nəslin daha çox təsviri informasiyalara üstünlük verdiyinə diqqət çəkərək, bu cür nəşrlərin daha tez qavranan və yaddaqalan olduğunu vurğulayıb.

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov kitabın ölkə iqtisadiyyatı ilə bağlı alternativ statistik mənbə olduğunu və ölkənin iqtisadi xəritəsi rolunu oynadığını deyib. Y.Yusifov iqtisadi rayonların son bölgüsünün təhlilinin də kitabda yer almasını yüksək qiymətləndirib. Ölkə iqtisadiyyatı ilə bağlı yeni nəşrin cəmiyyətin bütün üzvləri üçün faydalı olacağını bildirib.

Təqdimatda çıxış edən millət vəkili, akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, professor Akif Musayev Azərbaycan iqtisadiyyatının bir əsrlik dövrünün statistik rəqəmlərlə əks olunduğu kitabda ölkənin iqtisadi inkişaf modelinin təqdim olduğunu və belə bir nəşrin ərsəyə gəlməsinin böyük zəhmət tələb etdiyini deyiblər.

Çıxışlardan sonra millət vəkili Etibar Əliyev, professorlar Arif Şəkərəliyev, Əli Əlirzayev, Məhiş Əhmədov, İrşad Kərimli və digərləri çıxış edərək kitabı Azərbaycan iqtisadiyyatının tədqiqi sahəsində böyük elmi baza və iqtisadiyyat elminin populyarlaşdırılması yönümündə olduqca zəngin vəsait adlandırıblar.

Teqlər: