50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıbsa, bu, hər 1 kq unun təxminən 4 qəpik artması deməkdır. Bu zaman 500 qramlıq hər çörəyə 2 qəpik artım payı düşür.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov unun bahalaşmasının çörəyin qiymətinə təsiri haqda qeyd edib.
Onun sözlərinə görə, 50 kq-lıq unun 2,3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcək:
“Amma çörək istehsalçıları çörəyin qiymətini nəzarət səbəbindən qaldıra bilməsələr də, hər çörəkdə 2 qəpik itirməmək üçün çörəyin çəkisini 20 qram azalda bilərlər. Belə ki, hazırkı qiymətlərlə hər 10 qram çörəyin satış qiyməti təxminən 1 qəpikdir.
Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin həcmini, torpağın keyfiyyətini, əkin sahələrinin həcmini və yetişdirilə bilən buğdanın keyfiyyət göstəricilərini, eləcə də artan əhali sayını nəzərə alsaq, deyə bilərik ki, biz hər zaman ərzaqlıq buğdanın böyük hissəsini hansısa ölkədən idxal edəcəyik. Bu isə unun qiymətində bu cür artıb-azalmaları qaçılmaz edəcəkdir. Ona görə də çörəyin qiyməti dövlət tərəfindən müxtəlif alətlərin köməyi ilə tənzimlənir”.