Ümummilli Liderin əziz xatirəsi Mingəçevir Dövlət Universitetində anılıb (FOTO)

2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının
99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət və
tarix yaradan şəxsiyyət” mövzusunda mühazirə keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil
edilən mühazirədə universitetin akademik və inzibati heyət üzvləri,
tələbə və magistrantlar iştirak ediblər.

Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər
kafedrasının müdiri, dosent Esmira Cəfərova, adı müasir və müstəqil
Azərbaycanın adı ilə bağlı olan, çoxşaxəli və titanik fəaliyyəti
ilə adını milli tariximizə qızıl hərflərlə yazan ümummilli lider
Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin, gənc nəsil arasında
təbliğinin əhəmiyyətindən danışıb və mühazirənin önəmini
vurğulayıb.

Sonra, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Günel
Yunusova məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan xalqının böyük
oğlu, müstəqil dövlətçiliyimizin memarı, ulu öndər Heydər Əliyevin
zəngin həyat yolundan, ölkəmizin tərəqqisi və hərtərəfli inkişafı
naminə göstərdiyi misilsiz və əvəzolunmaz xidmətlərdən, milli
maraqlara əsaslanaraq tarixi proseslərə təsir edən müdrik
siyasətindən bəhs edilib. Qeyd edilib ki, tarix yaradan dahi
şəxsiyyətin siyasi kursu hazırda yeni keyfiyyət mərhələsində uğurla
davam etdirilir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin
rəhbərliyi və qəhrəman Azərbaycan Əsgərinin şücaəti sayəsində 44
günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi Zəfər Heydər
Əliyev siyasətinin təntənəsi və məntiqi nəticəsidir.

Mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı
tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin
zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği
universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli,
vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə
verir.

Teqlər: