“Ümummilli Lider Heydər Əliyevin həyat yolu” – Tədbir

“Ümummilli Lider Heydər Əliyevin həyat yolu” – Tədbir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin həyat yolu” mövzusunda tədbir keçirilib.

AzerTimes xəbər verir ki, mərkəzin əməkdaşlarının iştirak etdikləri tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, inkişafı, xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərinin qorunması üçün misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, Ümummilli Lider hakimiyyətə yenidən qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın – Azərbaycançılığın banisi olub. Cəmiyyətin bütövləşməsi, milli-mənəvi və əxlaqı dəyərlərin, milli həmrəyliyin aparıcı amilə çevrilməsi istiqamətində mühüm işlər görüb, xalqın birliyinin siyasi və nəzəri əsaslarını hazırlayıb. Azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Dahi Rəhbərin Azərbaycana verdiyi misilsiz töhfələrdən biridir.

Ulu Öndərin siyasi xəttini müdrik uzaqgörənliklə davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş ölkəmiz dinamik inkişafı ilə dünya birliyinin layiqli üzvünə, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, dialoq məkanı, bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasına çevrilib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Teqlər: