“2023- cü il – Heydər Əliyev ili” çərçivəsində Abşeron rayonunda 20 noyabr – “Uşaq Hüquqları Konvensiyası”nın qəbul olunması münasibətilə “Ümummilli Lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusuna həsr olunmuş konfrans keçirilib.
AzerTimes xəbər verir ki, Abşeron RİH-nin təşəbbüsü ilə baş tutan tədbirdə ilk öncə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Mərkəzin foyesində “Mənim hüquq və vəzifələrim” mövzusunda uşaqların çəkdiyi rəsm sərgisi ilə tanışlıq olub.
Konfransda Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Republikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili, Milli Məclisin Gənclər İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Orxan Rzayev, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, şəhid övladları və məktəblərin qabaqcıl şagirdləri, RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun, eləcə də “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın və “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” komissiyasının üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlam, firəvan böyüməsi, hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasəti cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir, uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün dövlət proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.
Konfrans çərcivəsində rayonun ümumtəhsil məktəblərinin fəal şagirdləri inkişaf, iştirak, yaşamaq və müdafiə hüquqları mövzsunda çıxışlar edib, şəhid övladlarının “Mənim atam qəhrəmandır” adlı kompozisiyası nümayiş edilib.
Sonda “Uşaq hüquqlarının müdafiəsi” istiqamətində səmərəli fəaliyyətinə görə bir sıra müvafiq qurumların əməkdaşları mükafatlandırılıb.
Məlumat üçün qeyd edək ki, Abşeron RİH-in təşəbbüsü ilə “20 Noyabr – Ümumdünya Uşaq Hüquqları günü” münasibəti ilə rayonun təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Abşeron RİH-in əməkdaşlarının, RİH yanında fəaliyyət göstərən müvafiq komissiyaların üzvlərinin, habelə psixoloqların, hüquqşunasların iştirak etdikləri tədbirlərdə respublikamızda, o cümlədən Abşeron rayonunda uşaq hüquqlarının qorunması sahəsində görülən işlərdən bəhs edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.