Ümumi orta təhsil bazası üzrə imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları
üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə
buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak
etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı
qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil
üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili
imtahanı, aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında
müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə
müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış
imtahanı keçirib.

AzerTimes-ın
məlumatına görə, Mərkəzdən bildirilib ki, bu gün, həmçinin
eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak
etmək istəyən şəxslər, buraxılış imtahanlarında müxtəlif
səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət
edilmiş əvvəlki illərin IX sinif məzunları imtahan veriblər.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay,
Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasına
təşkil olunub.

Ümumilikdə imtahanların idarə olunmasına 59 ümumi imtahan
rəhbəri, 174 imtahan rəhbəri, 1332 nəzarətçi-müəllim, 132 buraxılış
rejimi əməkdaşı və 59 bina nümayəndəsi ayrılıb.

İmtahanda 14112 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanlarda
13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli
və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə
imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb,
gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin
doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.
Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə
bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.
Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və
rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Mayın 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan
yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun
müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan
olunması nəzərdə tutulur.

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan
ilkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün
imtahandan xaric edilib. Bundan əlavə, 1 nəfərin başqasının yerinə
imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və
hazırda araşdırma aparılır.

Teqlər: